Tarix : 2015 Apr 23
Kod 45759

Human Rights Watch : Bu gün Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür

Azərbaycan ədaləti ələ salır

Arannews -  “Bu gün Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür. Qarşıdan gələn illər üçün Azərbaycanda insan haqları pozuntularının qurbanları özlərinin ən güclü müdafiəçilərini itiriblər”. Bu sözləri Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogia İntiqam Əliyev barədə çıxarılmış məhkəmə hökmü haqqında danışarkən deyib. Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogianın sözlərinə görə, İntiqam Əliev barədə çıxarılmış hökmün siyasi sifariş olduğu şübhə doğurmur .

O bildirib ki, Azərbaycanın beynəlxalq partnyorları rəsmi Bakının “ədaləti ələ salmasına” son qoymalıdırlar .

Aprelin 22-də Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib .

Bu hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxov tərəfindən aprelin     22-də çıxarılıb .

Eyni zamanda, həbsdən sonra 3 il dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətlərindən də məhrum edilib .

İntiqam Əliyev məhkəmədə son sözlə çıxış edib. O bildirib: “Təbii ki, hamı kimi mən də azadlıqda olmağımı istəyirəm. Ancaq fikirləşəndə ki, sən azadlıqda, dostun, dostunun övladı həbsdədi, bu adama ağır gəlir. Hec bir halda tutduğum haqlı yolundan çəkinmirəm. Həbs mübarizənin tərkib hissəsidir. 4 aya yaxın davam edən məhkəmə prosesi həbsimin hüquqi deyil, siyasi motivlərlə - vəkillik və ictimai fəaliyyətimlə bağlı olduğunu bir daha sübuta yetirdi .

İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub.

  • Yazılıb
  • da (də) 2015 Apr 23