Tarix : 2015 Apr 18
Kod 45723

İran və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlıqlarin genişləndirilməsinə təkid edilib

İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirib

Arannews - İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev arasında baş tutan görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıqların genişləndirilməsinə təkid edilib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aprelin 17-də keçirilən görüşdə dərman preparatlarının istehsalı sahəsində birgə əməkdaşlıq, icbari tibbi sığorta və Azərbaycan vətəndaşlarının İranda müalicəsinin təşkili kimi məsələlər müzakirə olunub.

İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirib. O qeyd edib ki, İranda əhalinin icbari tibbi sığortası tam həyata keçirilib. Hazırda hər bir iranlı tibbi sığorta kitabçasına malikdır.

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev də öz növbəsində əmək və sosial müdafiə məsələlərinin hər bir ölkə üçün önəmli və vacib sahə olduğunu bildirib, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində görülmüş işlərdən danışıb.

Görüşdə iki ölkənin tibb işçilərinin görüşlər təşkil etmələrinə və təcrübələrini bölüşmələrinə habelə, İranın tibb universitetləri ilə Azərbaycan Tibb Univesiteti arasında olan əlaqələrə də toxunulub. Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələri arasında İran klinikalarının xüsusi yerə malik olduğu vurğulanıb.

Azərbaycanlı nazir iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin daha da genişləndirilməsinin tərəfdarı olduğunu da bildirib.

Görüşdə həmçinin, dərman preparatlarının istehsalı sahəsində İranın əldə etdiyi nailiyyətlərdən də danışılıb. İranlı nazir dərman preparatlarının hazırlanması sahəsində ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev isə bununla bağlı layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini bildirib və bu məsələnin vacibliyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2015 Apr 18