Tarix : 2015 Apr 06
Kod 45659

İrandan Qərbə təhdid kimi nüvə mesajı

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə proqramı ilə bağlı ABŞ-ın əldə edilən razılaşmaya zidd hərəkət edəcəyi halda nüvə proqramına davam edə biləcəklərini bildirib.

AranNews- Zərif ölkəsinə tətbiq olunan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) sanksiyalarının müqavilənin bağlanacağı gün tamamilə qaldırılacağını deyib.
ABŞ rəhbərliyinin sanksiyaların təxirə salınacağı açıqlamasının doğru olmadığını deyən Zərif, bu açıqlamaların ABŞ daxili siyasətindəki təzyiqlərə görə verildiyini bildirib və qeyd edib ki, sanksiyalar təxirə salınmayacaq, tamamilə qaldırılacaq. ABŞ dövlət kvtibinin müavini Uendi Şermanın açıqlamasının Lozannada əldə olunan razılaşmaya zidd olduğunu dilə gətirən Zərif, Avropa Birliyi nümayəndəsi Federika Mogherininin də amenikalı rəsmilərin açıqlamasına reaksiya verdiyini bildirib.
Bununla yanaşı, Zərif Qərbə təhdid kimi bir mesaj da verib. O, qeyd edib ki, qarşı tərəf razılığa zidd hərəkət edəcəyi halda İran nüvə proqramını sürətli bir şəkildə davam etdirəcək: "Nüvə proqramı ilə bağlı əldə etdiyimiz razılaşmalardan geri dönə bilərik, bizi kimsə bu yoldan saxlaya bilməz ".
İranın nüvə silah hazırlamaq niyyətində olmadığını deyən Zərif, "Biz öz haqlarımızdan başqa bir şey istəmirik. Heç bir zaman da nüvə silah hazırlamaq niyyətində olmadıq. Bölgədəki qonşularımızla yaxşı əlaqələrə sahib olmaq istəyirik" - deyə bildirib.

  • Yazılıb
  • da (də) 2015 Apr 06