Tarix : 2015 Mar 24
Kod 45611

Şəhid ailəsini zorla evlərindən bayıra atıblar

Ailənin əşyaları küçədə qalıb; Dövlət qurumları müharibə veteranının səsini eşitmir

AranNews-in musavat" saytina istinadən yayilan məlumata gorə, Qarabağ qazilərinə göstərilən "qayğı"nın nəticəsi olaraq, son illərdə bəzi veteranlar baxımsızlıqdan, borc üzündən, haqsızlıq ucbatından özlərini yandırıb, intihara cəhd ediblər .
Qazilərin səsini eşitməli olan qurumların başı, öz vəzifə borclarından başqa hər şeyə qarışıb. Buna görə də qazilərin şikayətlərinin ardı-arası kəsilmir.
Onlardan biri də Salahovlar ailəsidir. Bakının Xətai rayonu, Natiq Əliyev küçəsi 10 , mənzil 39 ünvanında 15 il öncə məskunlaşmış məcburi köçkün ailəsi evindən zorla küçəyə atılıb.
Qubadlı köçkünü olan Mahir Salahov ailəsi ilə birgə həmin gündən etibarən kirayədə yaşayır. Ən dəhşətlisi odur ki, mənzilindən çıxmaqdan imtina edən ev sahibi Mahir Salahov vəhşicəsinə döyülüb, onun ailə üzvlərinə isə təzyiq göstərilib. Bundan sonra polis gücünə evindən çıxarılıb.
Evinin əşyaları isə həmin gündən bu zamana qədər binanın həyətində məhv olur. Hadisə 2011 -ci ildə baş verib. Amma hələ də məsələ öz həllini tapmayıb.
Mahir Salahov 2 -ci qrup əlildir. Onun həyat yoldaşı Samirə Salahova isə Cəbrayıl rayonunda şəhid olmuş Əli Mahmudovun qızıdır. Bu ailənin iki azyaşlı uşaqları da var. Evlərindən zorla bayıra atıldıqları üçün ailə hazırda kirayədə qalır. Kirayə qaldıqları mənzil isə o qədər bərbad haldadır ki, balaca uşaqlarını ayağını 5 dəfə siçovul dişləyib.
Ailə 1994 -cü ildə Xətai rayonu, Natiq Əliyev küçəsi 10 , mənzil 39 ünvanındakı mənzili pulla alıblar. Amma ailəni müxtəlif bəhanələrlə oraya qeydiyyata almayıblar. Mənzili onlara satan İldırım Əliyev adlı şəxs uzun müddət Rusiyada yaşayıb. 2011 -ci ildə isə yenidən Bakıya qayıdan İ.Əliyev mənzilin ona məxsus olduğunu deyərək, onları zorla evlərindən bayıra atdırır.
Ailənin şikayətlərinə isə baxan olmur. Daima göz yaşı, əsəbə sarsıntısı keçirən Samirə Salahova gənc yaşında onkoloji xəstəliyə tutulur və ağır əməliyyat keçirir.
Körpə uşaqları ilə birlikdə küçədə qalan M.Salahov deyir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə (RİH) və Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) müraciət ediblər. Lakin hər iki qurum məsuliyyəti öz üzərindən ataraq, ailəni Cəbrayıl və Qubadlı rayon İcra Hakimiyyətlərinə yönləndirib. Onlardan da heç birinin ailəyə faydası toxunmayıb.
M.Salahov bildirdi ki, ona sadəcə normal mənzil lazımdır: "Mənim ailəm var. Mən birinci onları düşünürəm. İndi kirayədə qaldığım evin pulunu güclə ödəyirəm. Mənzil isə bərbad gündədir. Uşağın ayağını 5 dəfə siçovul dişləyib. İstəyim sadəcə normal mənzildir. Ya da öz mənzilimin geri qaytarılması... Mən o evi halal pulumla almışam, təmir etdirmişəm. Zorla evə məskunlaşmamışam. İndi mən ailəmlə acınacaqlı vəziyyətdə yaşayıram. Qaçqınlar üçün evlər tikilib. Onlardan biri mənim haqqım deyil?
İlham Əliyev öz çıxışında demişdi ki, "Bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. Burada həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır". Amma məmurlar bu sözlərin heç bir kəlməsinə əməl etmirlər".
M.Salahovun qazi dostları da ona yardım etmək istəyir. Amma onların da vəziyyəti heç də ürəkaçan deyil: "Hamımız Qarabağda döyüşmüşük. Bədənimizdə qəlpələrlə gəzirik. Yarıadam sayılırıq. Üstəlik bizə qarşı edilən belə haqsızlıqları görəndə lap adama pis təsir edir. Düşüb qapı-qapı məmurlardan yardım istəyirik. Amma heç bir faydası yoxdur. bizi adam yerinə qoyan yoxdur. Biz Mahiri çox yaxşı tanıyırıq. ailəsi üçün canından də keçər. Amma əlindən bir şey gəlmir.
Həmişə bizi bir sual düşündürür. Əgər dövlət öz şəhidinin ailəsinə belə münasibət bəsləyirsə, məmurlar şəhid ailəsini, ağbirçəyi saya salmırlarsa, o zaman hansı haqq-ədalətdən danışmaq olar?".

  • Yazılıb
  • da (də) 2015 Mar 24