Tarix : 2017 Feb 25
Kod 45472

Xocalı faciəsindən 25 il ötür

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir

Arannews -  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib .

Hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetirib. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılıb. Habelə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 300 milyon manatdan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. Bütün bunlar ermənilərin 23 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır .

Allah Xocalı faciəsində şəhid olanlara rəhmət eləsin 

  • Yazılıb
  • da (də) 2017 Feb 25