Tarix : 2015 Jan 28
Kod 45351

Həbsdəki NİDA-çı gəncin səhhətində ciddi problemlər yaranıb

NİDA-çı gəncin Yaxınları Onun həyatının təhlükədə olduğunu bildirirlər

Arannews - Həbsdəki NİDA-çı gənc Əbdül Əbilovun səhhətində ciddi problemlər yaranıb. Yaxınları gənc fəalın həyatının təhlükədə olduğunu bildirirlər. Əbdül Əbilovun səhhətindəki problemlərin Bakı İstintaq Təcridxanasından 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra yarandığı deyilir .

bu barədə "Musavat.com"a uzun müddətdən sonra övladı ilə görüşən gənc fəalın anası Nurcahan Əbilova məlumat verib. O, oğlunun cəzaçəkmə müəssisəində ağır xəstəliyə yoluxduğunu iddia edib: “Yanvarın 25-də oğlumla görüşdüm. Onun görünüşü, səhhəti heç xoşuma gəlmədi. Sonuncu dəfə onunla noyabrın 20-də görüşmüşdüm. Ondan sonra bir dəfə getdim. Görüşə icazə vermədilər. Sonra xəstəliyimə görə gedə bilmədim. Dünən görüşdüyümdə məni dəhşət bürüdü. Əlləri şaxta kimi soyuq idi. Nə qədər soruşdum, səhhəti ilə bağlı heç nə demədi. Digər məhbuslar 3 saatdan çox yaxınları ilə görüşürlər. Amma oğlumla görüşümün 1 saatı tamam olmamış, bizi ayırdılar. Açıqca övladıma ayrı-seçkilik edirlər. Bir saat ərzində dəfələrlə öskürmək istədi. Hiss edirdim ki, mənə görə özünü güclə saxlayır. Öskürmək istəyən kimi bayıra çıxırdı. Sanki yanımda öskürmək istəmirdi. Hiss etdim ki, nəyisə məndən gizlədir. Geyimi də qalın idi. Digər məhbuslar nazik geyimdə idilər. Bundan oğlumun səhhətində problemlərin olduğunu bildim. Ona dedim ki, analiz ver. Cavabında dedi ki, artıq analiz vermişəm. Ona bildirdim ki, analiz veribsə, demək səhhətində problemi var. Ancaq bunu yenə də dandı. Gözlərim oğlumun əllərində və sifətində qalmışdı ”.

Nurcahan Əbilova oğlunun səhhətindəki problemlərin gizlədildiyini də qeyd etdi: “Əbdülün səhhətində problemlərin olduğuna əminəm. Sadəcə, oğlumun xəstəliyi gizlədilir. Həmişə gördüyüm övlad mənimdir. Dodaqları göyərmişdi. Dediyi söz yalnız budur ki, türmədir, nə olmalıdır ki..? Açığı onun dedikləri mənə məlum deyildi. Deyirəm ki, digər məhbuslar bir köynəklə gəzirlər, amma sən üst-üstə neçə köynək geyinmisən? Dili söz tutmurdu, nəsə danışmağa... Sifətində sağlamlıq nişanəsi qalmamışdı. Hələ də başa düşmürəm ki, o, niyə elədir? Onun bir xasiyyəti var ki, problemlərini heç zaman demir. Yalnız dediyi söz odur ki, narahat olma, tezliklə azadlığa çıxacam. Mənə təskinlik vermək üçün nələrisə, gizlətdiyini hiss edirəm. Övladımdan çox nigaranam. Onun təcili tibbi müayinədən keçməsi lazımdır. Əks halda, həyatdakı yeganə oğlumu itirə bilərəm ”.

Əbdül Əbilov 2013-cü il noyabrın 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Gənc bloqqer narkotik alverində təqsirli bilinib .

Ailəsi isə onun “facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub .

  • Yazılıb
  • da (də) 2015 Jan 28