Tarix : 2015 Jan 21
Kod 45324

20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə də anılıb

Mərasimdə İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər

Arannews - 20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə də anılıb.

Mərasimdə İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Məlumata görə, Azərbaycanın Təbrizdəki Baş konsulluğunda, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanan mərasimdə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək, 20 yanvar tarixinin Azərbaycan tarixində ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda, qəhrəmanlıq, qürur və şərəf günü olduğunu, bu tarixin milli azadlıq və istiqlal uğrunda xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün kimi yadda qaldığını diqqətə çatdırıb.

Baş konsul bu hadisəni törədənlərin hələ də layiqli cəzalarına çatmadığını, bunun əsas səbəblərinin dünyada ikili standartların mövcudluğu və həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin qətiyyətsizliyindən irəli gəldiyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 21