Tarix : 2014 Dec 18
Kod 45027

Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir

Azərbaycana qarşı təxribat

Arannews - ABŞ Beynəlxalq Münasibətlər Şurasının “Global Conflict Tracker” (Qlobal Münaqişə İzləyicisi) hesabatında Azərbaycana qarşı növbəti təxribata yol verilib.

Hesabatda “Baxmayaraq ki, Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir, ərazi beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi olaraq tanınır. Altı illik müharibədən sonra 1993-cü ildə münaqişə tərəfləri arasında atəşkəs rejimi elan edilib. Lakin son zamanlar tərəflər arasında ciddi toqquşmalar qeydə alınıb. 2014-ci ilin avqust ayında Azərbaycan və Ermənistan əsgərləri arasında silahlı atışmalar nəticəsində hər iki tərəfdən onlarla əsgər qətlə yetirilib. Bundan əlavə, 2014-cü ildə Azərbaycan hərbçiləri tərəfindən Ermənistan helikopteri vurulub”, - deyə qeyd edilib.

Bundan başqa məlumatda yer alan “Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir” ifadəsi həqiqəti tamamilə əks etdirmir. Belə ki, tarixən Azərbaycan ərazisi olan Qarabağda azərbaycanlıların sayı ermənilərin sayından dəfələrlə çox olub.

Hesabatda gərginliyin artmasının regiondan neft və qaz tədarükünə də mane ola biləcəyi xüsusi vurğulanıb: “Çünki, özünü etibarlı neft və qaz tədarükçüsü kimi bütün dünyada tanıdan Azərbaycan gündəlik olaraq Avropa və Mərkəzi Asiyaya 881,000 barel neft ixrac edir. Bu regionda gərginliyin artması şübhəsiz ki, neft və qaz tədarükünə təsir edəcək ki, bu da ABŞ maraqlarına ziddir və dünya neft bazarında əlavə gərginlik yarada bilər".

Hər il Beynəlxalq Münasibətlər Şurası dünyadakı hadisələrlə bağlı proqnozlarını nəşr edir. Burunla da Şura bu münaqişələrin ABŞ və onun maraqlarına necə təsir edəcəyini araşdırmağa çalışır. Şura ABŞ qarşısında olacaq riskləri daha yaxşı anlamaq üçün 2200-dən çox hökumət məmuru və xarici siyasət üzrə ekspertlərdən 2015-ci ilə dair proqnozları soruşub.

  • Yazılıb
  • da (də) 2014 Dec 18