Tarix : 2014 Nov 28
Kod 44854

Milli Məclisin qarşısında Şəhid ailələri aksiya keçirdi

aksiyada şəhid olmuş hərbçilərin ailələri dövlət icbari sığorta pulunu ala bilmələri üçün deputatlardan dəstək istəyiblər.


AranNews-
Aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan şəxslərin ailə üzvləri, onlara dövlət icbari sığorta pulunun verilməsi məqsədi ilə bu gün Milli Məclisin qarşısında etiraz aksiyası keçirirlər.
Deputat Qənirə Paşayeva aksiya keçirənlərlə söhbətləşib.
Aksiyaçılar Milli Məclisin digər üzvləri, İqbal Ağazadə, Əli Hüseynli, Aydın Mirzəzadə, Yevda Abramova, Flora Qasımova, Ziyad Səmədzadə və Fazil Mustafa ilə də görüşüblər.
Şəhid olmuş hərbçilərin ailələri eyni məqsədlə bundan əvvəl Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və “Azərsığorta”nın qarşısında da aksiyalar keçiriblər.
“Media forum” saytı xəbər verir ki, şəhid ailələrinin qaldırdığı məsələyə deputatlar Siyavuş Novruzov, Vahid Əhmədov və Milli Məclisin sədri Oqtay Əsədov parlamentin 28 noyabr iclasında münasibət bildiriblər.
Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və məsələnin həlli üçün addımlar atsınlar: ”Təbii ki, onlara evlər tikilir, avtomobillər verilir. Şəhid ailələri, Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşib. Onların problemini həll etmək lazımdır. Qanunvericilik baxımından nə lazımdırsa onu da biz deputatlar həll edək. Həm də bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bir daha bura gəlməsinlər”.
Vahid Əhmədov bildirib ki, şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsi problem olaraq qalır: “Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu elə də böyük vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər”.
Oqtay Əsədov isə deyib ki, bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil: “Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis  bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”.

  • Yazılıb
  • da (də) 2014 Nov 28