Tarix : 2014 Nov 20
Kod 44780

Ermənistanda hərbi çevriliş planı

Böyük ehtimalla, Ohyanyan Ermənistanda hakimiyyətə gəlmək istəyir və bunun üçün Qərbin dəstəyini almaq istəyir

Arannews - Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün İrəvanda ATƏT sədrinin Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Məlumata görə, söhbətin mövzusu vurulmuş Ermənistan helikopteri olub. Dünən Seyran Ohanyanın məsələni ABŞ-ın Ermənistandakı səfiri Con Heffern ilə müzakirə etməsi bir sıra ekspertlər tərəfindən Seyran Ohanyanın Qərblə yaxınlaşaraq Ermənistanda oyunların əsas aktyoruna çevrilmək cəhdi kimi dəyərləndirilir. Heffernlə görüşdə Ohanyan vurulmuş helikopterin heyət üzvlərinin cəsədinin qaytarılması üçün beynəlxalq səylərin koordinasiyasından danışıb. Daha öncə isə Seyran Ohanyan NATO ilə fəal danışıqlar aparıb.

Göründüyü kimi, Seyran Ohanyan hakim “Qarabağ” klanında tərəfdaşı olan Serj Sarkisyandan fərqli olaraq çıxış yolunu NATO-ya meyldə görür. Böyük ehtimalla, Ohyanyan Ermənistanda hakimiyyətə gəlmək istəyir və bunun üçün Qərbin dəstəyini almaq istəyir.

“Qarabağ” klanının təmsilçisi Robert Koçaryanın təcrübəsi göstərir ki, Ermənistanda hakimiyyəti ələ keçirməyin bir yolu var - hərbi çevriliş. Koçaryan hakimiyyətə o vaxtkı təhlükəsizlik naziri Serj Sarkisyanın təşkil elədiyi hərbi çevriliş yolu ilə gəlmişdi və bu işdə ona klana bağlı Ermənistan ordusu dəstək vermişdi.

Əslində, Seyran Ohanyanın hərbi çevriliş edərək Qərb yolu tutması üçün bir çox səbəblər var. Yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının üzvü olmaqla Ermənistan SSR-in 1922-ci il dekabrın 22-də SSRİ-yə üzv olmaqla atdığı addımı təkrarlayacaq. Daha sonra Ermənistan ordusunun demontajı başlayacaq. Yəni Seyran Ohanyan avtomatik olaraq işsiz qalacaq.

Əgər Rusiya bir az da irəli gedib Azərbaycanı Avrasiya İttifaqına cəlb edərsə, Bakıda ali hərbi təhsil almış şuşalı hərbçi üçün vəziyyət çox çətin olacaq. Rusiya Azərbaycanı razı salmaq üçün Xocalı soyqırımının bu əliqanlı təşkilatçısını cəzalandırmalı olacaq. Mayor Ohanyan o vaxt bu soyqırımı həyata keçirmiş 366-cı polkun 2-ci batalyonunun komandiri idi. Ohanyanın soyqırıma rəhbərlik etdiyi bir çox erməni müəlliflərinin xatirələrində yer alıb. Təbii ki, bu faktlar qarşısında Moskva Ohanyanı ömürlük həbsdə çürütməli olacaq.

Amma Ermənistan hərbi çevriliş yolu ilə orientasiyasını dəyişərsə, Qərb yolu tutarsa, bütün bu ssenari baş tutmaz. Qərbin dəstəyi ilə Ermənistan status-kvonu saxlayaraq, münaqişənin dondurulmasına nail olar və Seyran Ohanyan da vəzifəsini prezident kürsüsündə davam etdirər.

  • Yazılıb
  • da (də) 2014 Nov 20