Tarix : 2014 Nov 19
Kod 44771

Akif Heydərli : Biz mitinq keçirməkdə israrlıyıq

Azərbaycan İslam Partiyası sədrinin müavini : Noyabr ayının sonunda mitinq keçirmək üçün təkrar müraciət edəcəyik

Arannews -  Qurum siyasi partiyaları üz-üzə qoymaq istəyir

Azərbaycan İslam Partiyası sədrinin müavini Akif Heydərli Bakı meriyasının mitinqlərinə icazə vermədikdən sonra atacaqları addımlardan danışıb.

A.Heydərli bildirib ki, rəsmi məktubda qeyd olunub ki, onların mitinq təyin etdiyi gün, yəni noyabrın 16-da AXCP mitinq keçirəcək:

“Biz bunu elan etdik, nə AXCP, nə də Milli Şura bizə cavab vermədi ki, keçirəcəklər ya yox. Görünür ki, bu əvvəlcədən AXCP ilə razılaşdırılıb ki, Islam Partiyası mitinq keçirməsin. Belə deyildisə, AXCP bunu elan etməli idi”.

Partiya funksioneri qeyd edib ki, meriyanı məhkəməyə verəcəklər:

“Biz mitinq keçirməkdə israrlıyıq. Noyabr ayının sonunda mitinq keçirmək üçün təkrar müraciət edəcəyik. Bizə verilən cavabın qeyri-qanuni olması haqda araşdırma aparacağıq. Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verəcəyik. AXCP və Milli Şura da məhkəmədə tərəf kimi çıxış etməli olacaq”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə A.Heydərlinin ittihamlarını əsassız hesab edir.

Fuad Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib ki, Milli Şuranın 9 noyabr mitinqinə icazə verilməmişdən əvvəl Bakı Şəhər Icra Hakimiyyətinin ictimai-siyasi təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanlı onunla əlaqə saxlayıb:

“Onunla söhbətdə mən bildirdim ki, Milli Şura aksiyanı noyabrın 10-da keçirmək istəyir. Biz müraciətdə noyabrın 9-u, 10-u və 16-nı göstərmişdik. Düşünürdük ki,əgər ayın 9-u və ya 10-u hava şəraiti pisləşərsə aksiyanı 16-da keçirək. Lakin əsas qərarımız aksiyanı 10-da keçirmək idi. Mən bunu Zaur Ramazanlının diqqətinə çatdırdım. Lakin sonradan meriya ayın 9-na icazə verdi. 9 noyabr mitinqindən sonra isə mən Mitinq Komitəsinin üzvü və aksiyanın təşkilatçısı kimi KIV-lərə açıqlamamda bəyan etdim ki, bizim noyabrın 16-da aksiya keçirmək niyyətimiz yoxdur. Bu baxımdan hesab edirəm ki, Islam Partiyasının nümayəndəsinin bizi ittiham etməsi əsassızdır. Yaxşı olar ki, onlar bu məsələ ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətindən izahat tələb etsinlər”.

  • Yazılıb
  • da (də) 2014 Nov 19