Tarix : 2014 Oct 24
Kod 44455

Azərbaycan, İran və Rusiya dəmiryol idarələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib

görüşdə Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun tikintisinin tezləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

AranNews- Bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryol İdarəsinin baş direktoru Möhsün Purseyid Ağayi deyib.

M.Purseyid Ağayi dəmiryolun İranda Qəzvindən Rəştə qədər olan hissəsinin tikintisinin 2015-ci ilədək başa çatacağını bildirib: “Qəzvin-Rəşt dəmiryolunun tikintisində dəmiryol örtüyünün hazırlanması işləri başa çatıb. Dəmiryolun bəzi hissələrində relslər artıq quraşdırılıb və yolun qalan hissələrində də tezliklə rels quraşdırılacaq”.
İran rəsmisi qeyd edib ki, üçtərəfli görüşdə İran və Rusiyanın Rəşt-Astara (İran) dəmiryolunun tikintisini birgə həyata keçirmələri barədə razılıq əldə olunub: “Tikinti işləri Rusiya tərəfinin maliyyə vəsaiti ilə İran və Rusiya arasında əldə olunmuş razılıqlar əsasında həyata keçiriləcək”.
Nazir müavini Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün Azərbaycan tərəfinin maliyyə vəsaiti ilə tikiləcəyini deyib: “Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün inşası, eləcə də Azərbaycan daxilində 8 kilometrlik dəmiryol xəttinin çəkilməsini Azərbaycan həyata keçirəcək və maliyyələşdirəcək”.
M.Purseyid Ağayi bildirib ki, Azərbaycan tərəfi artıq dəmiryol körpüsü və 8 kilometrlik dəmiryol xəttinin çəkilməsi üçün maliyyə ayrılması və tikintini həyata keçirməsi ilə bağlı razılığını bildirib.
O, Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün inşasına cari ilin sonunadək (İranda il martın 21-də başlayır) başlanılacağını deyib. 

  • Yazılıb
  • da (də) 2014 Oct 24