Tarix : 2014 Oct 21
Kod 44411

ABŞ, Rusiya və Fransa prezidentləri Azərbaycan Respublikasinin razılığı olmadan Qarabağa gedə bilməzlər

Minsk Qrupunun həmsədrləri və onları təmsil edən dövlətlərin başçıları yalnız Azərbaycanın prezidenti ilə müzakirə edib razılığa gəldikdən sonra Dağlıq Qarabağa gedə bilərlər

Arannews - “ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağa səfər etməsi ATƏT-in Minsk Qrupunun səlahiyyətlərinə daxil olan məsələ deyil.

Digər tərəfdən, Dağlıq Qarabağdakı işğalçı rejim münaqişə tərəfi kimi qəbul edilmir”. Bunu Qabil Hüseynli deyib.

O, Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın ABŞ, Rusiya və Fransa prezidentlərini bölgəyə səfər çağırışını şərh edərkən bildirib ki, bu, Azərbaycan tərəfinin icazəsi olmadan mümkün deyil: “Minsk Qrupunun həmsədrləri və onları təmsil edən dövlətlərin başçıları yalnız Azərbaycanın prezidenti ilə müzakirə edib razılığa gəldikdən sonra Dağlıq Qarabağa gedə bilərlər. Ona görə də qondarma qurumun “prezidenti”nin bu çağırışı boş bir siyasi avantüradır”. 

Ekspertin sözlərinə görə, ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdığından bu ölkələrin rəhbərləri Dağlıq Qarabağa qanunsuz səfər etməzlər: “Ona görə də hər üç dövlət Azərbaycan prezidenti ilə hesablaşmadan Qarabağa qanunsuz gedə bilməzlər”. 

Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan Vladimir Putin, Barak Obama və Fransua Ollandı Dağlıq Qarabağa səfər  etməyə çağırıb. O, fikrini belə əsaslandırıb ki, guya ABŞ, Rusiya, Fransa prezidentləri yerli vəziyyəti öyrənəndən sonra münaqişəni ermənilərin xeyrinə həll edə bilərlər.

  • Yazılıb
  • da (də) 2014 Oct 21