Ermənistan Prezident Administrasiyasının rəhbəri Viden Sərkisyan məsələ ilə bağlı ...
Arannews - Ermənistan hakimiyyəti Azərbaycanın hansı şərtlərini qəbul edərək
Avrasiya İqtisadi İttifaqına girməsini şərh etmir. Belə ki, Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin Avrasiya İqtisadi İttifaqının Minsk sammitində
Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsinə işarə vuran çıxışını rəsmi
Yerevan cavablandırmaqdan imtina edir.
Erməni KİV-nə istinadən verdiyi məlumata görə Ermənistan Prezident
Administrasiyasının rəhbəri Viden Sərkisyan məsələ ilə bağlı ona ünvanlanan
sualı susqunluqla qarşılayıb.
Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat katibi Armen Saqatelyan
isə ölkənin xarici işlər nazirinin müavini Savarş Köçəryanın açıqlamasında
istinad edib. Lakin o Qazaxıstan rəhbərinin
açıqlamasına münasibət bildirməkdən belə bəhanə ilə imtina edib: “Başqa ölkə
prezidentlərinin bəyanatlarının şərh
edilməsi Ermənistan prezidentinin mətbuat katibinin hüquqi səlahiyyətlərinə
daxil deyil”.
Xatırladaq ki, Ermənistan XİN başçısının müavini Savarş Köçəryan
açıqlamasında Yerevan hökumətinin Avrasiya İttifaqına girmək üçün Azərbaycana
getdiyi kompromisdə Dağlıq Qarabağ danışıqları ilə bağlı məsələlərin yer
almadığını bildirib.
Qeyd edək ki, bu ilin may ayının 29-da Rusiya, Qazaxıstan, Belarus dövlət
başçılarının iştirakı ilə gerçəkləşən Avrasiya İqtisadi İttifaqının təsis
konfransında Nursultan Nazarbayev Azərbaycan
prezidenti İlham Əliyevin Ermənistanın quruma üzvlüyü üçün şərtlərini özündə
ehtiva edən məktubunu oxumuşdu. Məktubda prezident İlham Əliyev Ermənistanın
beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlər çərçivəsində Avrasiya
İqtisadi İttifaqına üzv olması şərtini irəli sürmüşdü.
Həmin tədbirdə iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan və
xarici işlər naziri Edvard Nalbandyan isə Azərbaycan prezidentinin bu
xatırlatmasını biabırçı susqunluqla qarşılamışdılar.
Avrasiya Birliyinin oktyabrın 10-da Minskdə keçirilən sammitində isə Ermənistanın
təşkilata qoşulması haqqında sənəd imzalandı. Sammitdə çıxış edən Qazaxıstan
lideri Nursultan Nazarbayev çıxışında bəyan etdi ki, Ermənistanın hansı sərhədlər
daxilində Avrasiya Birliyinə üzvlüyünə dair məsələlər ətrafında kompromis əldə
olunub. Yəni, Nazarbayevin çıxışından belə anlaşıldı ki, Ermənistanın Dağlıq
Qarabağdakı separatçı rejimi Avrasiya İttifaqına qoşmaq istiqamətindəki səyləri
fiaskoya uğrayıb.