Ölkə həbsxanalarında siyasi məhbuslara, xüsusilə də islamçı siyasi məhbuslara qarşı hakimiyyət yetkililərinin münasibəti və rəftarı heç kimə sirr deyil
Arannews - İslamçıların
hüquqlarını müdafiə komitəsi ilahiyyatçı siyasi məhbuslar - AİP lideri Mövsüm Səmədov,
Hacı Abgül Süleymanov və Hacı Tale Bağırova qarşı həyata keçirilən
repressiyaların dayandırılmasını tələb edir.
bəyanat :
“Ölkə həbsxanalarında
siyasi məhbuslara, xüsusilə də islamçı siyasi məhbuslara qarşı hakimiyyət
yetkililərinin münasibəti və rəftarı heç kimə sirr deyil. Hansı ki, bu da,
onları qondarma ittihamlarla azadlıqdan məhrum edənlərin öz məqsədlərinə -
onları öz yollarından, amallarından döndərməyə və nəhayətdə onları günahsız yerə
həbs edənlərin “mərhəmət”inə sığınaraq əfv diləmələrinə - nail ola bilməmələrindən
xəbər verir.
Əgər belə
olmasaydı, son bir ay ərzində AİP sədri Mövsüm Səmədov 3 dəfə ard-arda “kars”a
salınmaz, həmçinin Abgül Süleymanov və Tale Bağırov vaxtaşırı heç bir səbəb
göstərilmədən cərimə kamerasına salınmaz və malik olduqları digər hüquqlardan məhrum
edilməzdilər.
Əfsuslar olsun ki,
özlərinin, vəkillərinin və bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının
haqlı tələb və qanuni müraciətlərinə baxmayaraq bu sahədə vəziyyət günü-gündən
pisləşməkdə və onlara qarşı münasibət daha da amansızlaşmaqdadır. Nəticəsi də
göz qabağındadır. Bir neçə həftə əvvəl üzləşdiyi haqsızlıqlar, qanun
pozuntuları ilə gündəmə gələn Tale Bağırov 2 gün öncə yenidən heç bir əsas göstərilmədən
7 günlük “kars” cəzasına məhkum edilib.
Çox ziddiyyətli bir
durumdur. Bir yandan, cinayət əməli törətmiş bəzi məhbuslar guya “humanizm”
prinsipləri əsas götürülərək vaxtından əvvəl azadlığa buraxılır, digər yandan
isə heç bir cinayət əməli törətməmiş, saxta ittihamlar və siyasi sifarişlə həbs
olunmuş məhbuslara qarşı qeyri-qanuni hərəkətlər edilir, cəzalar verilir və
amansız rəftar və fiziki işgəncələrə məruz qoyulurlar."
İslamçıların
Hüquqlarını Müdafiə Komitəsi bütün bu əməlləri kobud qanun pozuntusu, insan
hüquq və azadlıqlarının tapdanması və sözügedən şəxslərə qarşı fiziki və mənəvi
terror olaraq dəyərləndirir. Eyni zamanda, cəmiyyətə “humanizm aktı” kimi təlqin
edilən bu siyasi şou göstərilərinin yerinə, yuxarıda adları çəkilən, habelə digər
siyasi məhbuslara qarşı həyata keçirilən repressiya və işgəncələrə son
qoyulmasını, qanunun aliliyinin təmin olunaraq təcili surətdə azadlığa
buraxılmasını tələb edir.