Qubad İbadoğlu :Seçki kampaniyası zamanı məni hakimiyyətə işləməkdə ittiham edirdilər...
Arannews - “Seçki
kampaniyası zamanı məni hakimiyyətə işləməkdə ittiham edirdilər, hər cür
böhtan-şər atırdılar. Bilirsiz ki, mənim bank hesablarıma həbs qoyulub. İndi
burada başları aşağı oturublar. Rayon təşkilatlarının sədrlərinə zəng vurub
deyirdilər ki, İsa bəy filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf
ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bunları tanıtdı”.
bunu Müsavat
Partiyasının iclasında partiyanın başqanlığına keçmiş namizəd Qubad İbadoğlu
deyib. O bildirib ki, partiyanın başqanlığına seçkilər ərəfəsində heç bir
pozuntu müşahidə etməyib: “Mənim seçkinin azad və şəffaf olmasına heç bir şübhəm
yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulmuşdu. Bütün bunlara baxmayaraq,
bunu Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan
dönməyəcəyik. Biz növbəti dönəmdə
partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək onlar Müsavatı hara
aparır? Biz də buna uyğun qərarımızı verəcəyik. Bu gün Müsavatda dəyişikliklərə
ehtiyac var. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi
iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri
Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay
nümayəndələrinin sırasında olmayıb. Çünki onların mövqeyi məlum idi”.
Q. İbadoğlu qeyd
edib ki, onun komandası Müsavat
Partiyasında heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyillər.
Partiyanın sabiq
başqanı İsa Qəmbər deyilənlərlə bağlı fikrini bildirərkən deyib ki, seçkilər şəffaf
və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir: “Əslində,
bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub
qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Bu məsələnin bir tərəfidir.
Mövqeyimi açıqlamaq məsələsinə gəldikdə isə, mən kimi dəstəklədiyimi əvvəlcədən
bildirməmişəm. Əgər desəydim, ümumilikdə, səslərə təsir edərdi”.
Müsavat Partiyanın
yeni başqanı A. Hacılı isə ona qarşı deyilənlərə toxunmayıb: “Deyilənlərlə
bağlı fikir bildirmək istəmirəm. Seçki kampaniyası zamanı da mənə qarşı haqsız
çıxışları, artıq unutmuşam. Hər kəslə işləməyə hazıram. Müsavatda “Arif
Hacılının komandası” adlı komanda yoxdur, Müsavatda müsavatçıların komandası
var”.
Xatırladaq ki,
sentyabrın 27-də Müsavat Partiyasının keçirilən qurultayında Arif Hacılı qalib
gəlib.