Tarix : 2014 Sep 22
Kod 44053

Hökumət vicdan məhbuslarına qarşi müxtəlif təzyiq üsullarından istifadə edir

Hökumət onları həbsxanaya salmaqla kifayətlənməyərək, təcridxanada da müxtəlif təzyiq üsullarından istifadə edir

Arannews - Hökumət vicdan məhbusları hesab olunan şəxsləri həbsxanaya salmaqla kifayətlənməyərək, cəzaçəkmə yerlərində də onlara müəyyən problemlər yaradır. Vicdan məhbuslarına qarşı ən müxtəlif təzyiq üsullarından istifadə olunur.

Məsələn, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun başına gətirilənlər barədə məlumat vermişik. Hüquq müdafiəçisi hazırda saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasından göndərdiyi növbəti məktubunda indiyədək ona kamerada fiziki və psixoloji təzyiq göstərən Nuriyyə Hüseynova tərəfindən növbəti təxribatın hazırlandığını bildirib.

“Bundan başqa, təcridxana əməkdaşları kameradakı digər qadınlara da təzyiq göstərməyə başlayıb. Onları çağırıb tələb edirlər ki, Hüseynovanın mənə hücum etmədiyini yazılı şəkildə təsdiqləsinlər”, - deyə Leyla Yunus bildirir.

“Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzini isə təcridxanada ailəsilə görüşməyə qoymurlar. Jurnalistin atası Məşgül Həziyev deyir ki, oğluyla yalnız telefonla danışa bilir: “Görüşə icazə verilmir, yalnız telefonla danışırıq. Seymur deyir ki, hər şey qaydasındadır. Saxlanma şəraitindən və səhhətindən heç bir şikayəti yoxdur”.

Yeri gəlmişkən, Seymur Həzinin vəkili Elton Quliyev sentyabrın 19-da Kürdəxanı təcridxanasında onunla görüşüb. Vəkilin sözlərinə görə, Seymur Həzinin saxlanma şəraitindən narazılığı olmayıb.

"Azadlıq" qəzetinin məlumatına görə, istintaqın gedişinə gəlincə, vəkil bildirib ki, müdafiə tərəfi olaraq, bir neçə vəsatət qaldırıblar:

“Onlarıdan biri Seymur Həziyə qarşı irəli sürülmüş ittihamla bağlıdır. Vəsatətədə göstərmişik ki, Seymurun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki o, faktiki özünü müdafiə edib. Əgər xuliqanlıqdan söhbət gedirsə, buna görə Seymur yox, qarşı tərəf cəzalandırılmalıdır”.

Elton Quliyevin sözlərinə görə, Seymur Həzi ilə onun döydüyü iddia edilən Məhərrəm Həsənov arasında üzləşmə olub: “Üzləşmənin detallarını açıqlaya bilmərəm. Sadəcə onu deyə bilərəm ki, hər kəs öz mövqeyində qaldı”.

Vəkil onu da qeyd edib ki, Seymur Həzinin barəsində həbs-qətimkan tədbirilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır: “Yaxın vaxtlarda tamamlayıb Avropa Məhkəməsinə göndərəcəyik”.

AXCP fəalı Murad Ədilovun vəkili Yalçın İmanov da “Azadlıq”a açıqlamasında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs başına gələnlərə baxmayaraq, əhval-ruhiyyəsi çox yüksəkdi. Onun saxlanma şəraitindən də narazılığı yoxdur. Vəkil onu da qeyd edib ki, Murad Ədilovun işi üzrə faktiki heç bir istintaq hərəkəti aparılmır.

Murad Ədilovun qardaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyir ki, ailəsinin onunla görüşünə icazə verilmir: “Murad avqustun 11-də saxlanılıb. Bir aydan çox vaxt keçsə də, indiyə qədər onunla görüşə bilməmişik”.


Daha bir vicdan məhbusu Intiqam Əliyevin vəkili Anar Qasımlı da hüquqlarını müdafiə etdiyi şəxsə qarşı təzyiqlərdən danışarkən bildirib ki, tanınmış hüquqşünasın yazılı qeydlərini təcridxana əməkdaşları qanunsuz olaraq ondan alır: “Intiqam müəllim işi üzrə istintaqın gedişi haqda yazılar yazır. Penitensiar Xidmətdə dəyişikliklərlə bağlı bu qurumun rəhbəri Mədət Quliyevə təkliflər yazıb. Bunların hamısını alıblar. Amma səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur”.

Vəkil qeyd edib ki, Intiqam Əliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarından Avropa Məhkəməsinə göndəriləcək şikayət tamamlanmaq mərhələsindədir: “Son tamamlanma işləri gedir üzərində, ayın sonuna qədər göndərməyi planlaşdırırıq”.

Insan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun da əhval-ruhiyyəsi yaxşıdır. Vəkili Xalid Bağırov deyir ki, səhhətindən və saxlanma şəraitindən heç bir narazılığı yoxdur: “Ailəsinin onunla görüşü məsələsinə gəlincə, bununla bağlı müraciət olunub, tezliklə görüşə biləcəklər”.

  • Yazılıb
  • da (də) 2014 Sep 22