Tarix : 2014 Sep 16
Kod 43977

Azərbaycan-Türkiyə arasinda genişmiqyaslı hərbi təlimlərin şok səbəbi

İki ölkənin ortaq “əzələ nümayişi” təkcə işğalçı Ermənistana və Qarabağ nizamlanmasını süni şəkildə uzadan qlobal güclərə xəbərdarlıq deyil; ilk növbədə Rusiyanın münaqişə bölgəsində yeni müharibəni alovlandırmaq planını önləməyə yönəlik preventiv addımdır...
Azərbaycan öz hərbi qüdrətini artırmaqda davam edir. Ərazisinin 20 faizi 20 ildən artıqdır işğal altında olan bir ölkənin, üstəlik sülh danışıqlarının illərlə heç bir səmərə vermədiyi zamanda buna tam haqqı çatır. Ölkənin müdafiə qabiliyyəti isə əsasən çoxşaxəlilik prinsipi əsasında təmin edilir. Söhbət müxtəlif ölkələrdən modern silah-sursat almaqla yanaşı, həm də yerli hərbi sənayeni inkişaf etdirməkdən gedir. 
Ötən həftə bu xüsusda baş verən bir neçə mühüm olay prosesin dayanmadığını, əksinə Dağlıq Qarabağ münaqişəsi zonasında yaşanan son presedentdən sonra daha intensiv xarakter aldığını göstərdi. Onlardan biri Bakıda Beynəlxalq Hərbi Müdafiə Sənayesi Sərgisinin - ADEX-2014-ün açılmasıdır. Sərgidə, təbii ki, Azərbaycan da öz hərbi məhsulları ilə təmsil olunmuşdu.  
Tədbirin əhəmiyyəti barədə danışan Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev münaqişə səbəb göstərilərək Azərbaycana silah satışına embarqolar qoyulduğunu deyib: “Ona görə də biz müdafiə sənayemizi inkişaf etdiririk və bir sıra dövlətlərlə hərbi əməkdaşlıq sahəsində əlaqələr yaratmışıq. Müdafiə sənayemizi qısa müddətdə yaratmaq üçün 30-dan çox dövlətlə əməkdaşlıq qurduq, müasir texnologiyalar əldə etdik”. Musayev bir sıra dövlətlərlə hərbi-texniki əməkdaşlıq sahəsində komissiyalar yaradıldığını da vurğulayıb: “Türkiyə və digər dövlətlərlə belə komissiyalar yaratmışıq. Hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə çalışırıq, sərgilərin keçirilməsində də məqsəd budur. ADEX-2014 kimi sərgiləri ancaq inkişaf etmiş dövlətlər keçirə bilir”.
İkinci mühüm hadisə İsrailin müdafiə naziri Moşe Yalonun Bakıya sürpriz və tarixi səfəri hesab oluna bilər. Qeyd edək ki, bu, İsrail müdafiə nazirinin Azərbaycana ilk səfəri olub və bu baxımdan tarixi əhəmiyyət kəsb edir. Artıq prezident İlham Əliyev İsrail nümayəndə heyətinin rəhbəri Moşe Yalonu qəbul edib. Görüşdə İsraillə Azərbaycan arasında hərbi tərəfdaşlıq məsələləri müzakirə edilib. “Mən Azərbaycana tarixi səfər edən ilk İsrail müdafiə naziri olaraq çox şadam. Bizim ikitərəfli münasibətlərimiz çox məhsuldardır və ölkələrimiz arasında strateji tərəfdaşlıq inkişaf edir” - deyə Yalon qəbulda bildirib. 
Bu, doğrudan da, belədir. İsrail Azərbaycanın əsas silah satıcılarından biridir və iki ölkə arasında hərbi-texniki ticarətin həcmi artıq milyard dollarlarla ölçülür. 
Azərbaycan öz hərbi parkını modernləşdirmək üçün, nə qədər qəribə də olsa, işğalçı Ermənistanın əsas müttəfiqi Rusiyanın bazarından da geniş istifadə edir. Ukraynadakı olaylara, Qərb-Rusiya qarşıdurmasına və cəbhədəki son insidentə baxmayaraq bu əməkdaşlıq ənənəvi axarda davam edir. Məsələn, bu arada məlum olub ki, Rusiya Azərbaycana 100 ədəd T-90S tankının çatdırılması prosesini 2015-ci ilin əvvəlində yekunlaşdıracaq. Bunu Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktorunun müşaviri Esen Topoyev deyib.
Rusiyanın 2010-cu ildə imzalanan sazişə uyğun olaraq Azərbaycana silah və hərbi texnikanın çatdırılmasını 2017-ci ildə yekunlaşdıracağını deyən E. Topoyev qeyd edib ki, əlavə təchizatdan söhbət getmir. “2010-cu ildə biz böyük paket imzaladıq. Müxtəlif tarixlər var, silahların bir hissəsini bu il çatdırdıq, digərlərini isə 2015-ci ildə çatdıracağıq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidməti rəhbərinin müavini Rusiyanın Azərbaycana 100 ədəd T-90S tankının çatdırılması prosesini bu ilin aprelində yekunlaşdırdığını bildirib və əlavə olaraq daha 100 tankın çatdırıla biləcəyini istisna etməyib. Topoyev onu da deyib ki, Azərbaycan tərəfi “Rosoboroneksport”a ölkə ərazisində helikopterlərin və ağır hərbi texnikanın təmiri ilə bağlı mərkəzlərin yaradılması xahişi ilə müraciət edib. E. Topoyev həmçinin qeyd edib ki, “Rosoboroneksport” Azərbaycan tərəfinə T-72 tanklarını müasirləşdirməyi təklif edib. Söhbət T-72-lərin Tanklara Dəstək Hərbi Maşınların (TDHM) səviyyəsinə çatdırılmasından gedir.
***
Son həftənin Azərbaycanın hərbi göstəricilərinə dəxli olan başqa bir önəmli hadisəsi isə, əlbəttə ki, Türkiyə və Azərbaycanın bütün növ qoşun hissələrinin və 30 min hərbçinin (!) iştirakı ilə 1 həftəlik birgə hərbi-taktiki təlimlərin keçirilməsidir. Belə genişmiqyaslı təlimlər iki qardaş ölkə arasında ilk dəfədir reallaşır və Azərbaycanın öz müdafiə qüdrətinə əmin olmaq üçün ikiqat önəm daşıyır. Çünki müharibə vəziyyətində olan bir ölkənin yeni silahları sınaqdan keçirməsi, hərbçilərə onlardan praktik surətdə istifadə vərdişi aşılamaq da vacibdir.
Azərbaycanın məhz Türkiyə ilə hərbi sahədə yaxınlaşması, üstəlik, işğalçı Ermənistana, onun havadarlarına ələlxüsus da qondarma “soyqırım”ın 100 illiyi ərəfəsində güclü bir xəbərdarlıq mesajıdır ki, Azərbaycana hücum edən qarşısında Türkiyəni görəcək. Eyni zamanda yeni azadlıq müharibəsi başlarsa, qardaş ölkənin bizdən hərbi dəstəyi əsirgəməyəcəyinin anonsudur. Nəhayət, bu, eyni zamanda, Qarabağ ixtilafını süni şəkildə uzatmağın bədəlinin ağır ola biləcəyi barədə əyani xatırlatmadır.
***
Bu xüsusda sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin fikirləri də maraqlıdır. Politoloq Ukraynadakı hadisələrə görə Qərbin təzyiqlərindən sığortalanmaq üçün Rusiyanın Qafqazda yeni müharibə ssenarisinin hazırladığını bildirib.
Xatırladaq ki, son günlər regionda münaqişə tərəflərinin ciddi fəallığı hiss olunur. Sentyabrın 3-7-si tarixlərində Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər keçirilib. 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunduğu hərbi təlimlər kiçik bir kontingenti əhatə edib. Buna cavab olaraq isə Türkiyə və Azərbaycan daha geniş miqyaslı hərbi təlimlərə start verib. 
Vəfa Quluzadə aktual.az-a bildirib ki, ABŞ və Avropanın sanksiyalarından çıxılmaz durumda qalan Rusiya hakimiyyəti təşviş içində Qərbə təzyiq üsulu axtarır: “Burada gözlənilməz hadisələr baş verə bilər. Putin Qərbə, Avropaya təzyiq üsulu axtarır ki, ondan əl çəksinlər. Amma onlar Rusiyadan əl çəkən deyillər. Ona görə ki, Putin bütün beynəlxalq hüquq normalarını pozub və istəyir ki, bu pozuntu ilə Qərb barışsın. Qərb iqtisadi, hərbi baxımdan Rusiyadan qat-qat güclüdür. Ona görə də onlar Putinin qabağından çəkinməyəcəklər. Burda çıxış yolu Putinin geri çəkilməsidir. Amma məsələ bundadır ki, Putin çəkilsə, özü çökəcək. Yəni bu şəraitdə ondan gözlənilməz addımlar gözləmək olar”. 
Politoloq hesab edir ki, Putin diqqəti yayındırmaq üçün regionda ikinci Qarabağ müharibəsini başlamaq istəyir: “Rusiya regionda belə bir təxribata əl ata bilər. Ona görə də buna hazır olmaq lazımdır. Çünki bu dəqiqə dünyanın bütün diqqəti Ukraynadadır, amma burada yeni bir müharibə olsa, diqqətlər bizim regiona yönələcək. Baxmayaraq ki, bu dəqiqə ermənilər heç bir müharibədə maraqlı deyillər. Amma təlim keçirmək nədir? O təlimi keçirməklə Qərbə mesaj verir ki, məndən əl çəkin. 
Mən burada böyük bir müharibəyə başlaya bilərəm. Bu şəraitdə isə Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri olduqca yerindədir. Bu da Rusiyaya mesajdır ki, əgər sən belə bir addım atsan, Türkiyə Azərbaycanla bərabər sənin qarşına çıxacaq. Rusiya bilməlidir ki, Türkiyənin əsgəri gücü Rusiyanınkından qat-qat artıqdır. Ona görə də Türkiyə əsgəri baxımından regionun ən güclü dövlətidir. Üstəlik, Türkiyə NATO-ya üzv dövlətdir və Türkiyə Azərbaycanla burada rus-erməni təcavüzünə cavab vermək iqtidarındadır. Hesab edirəm ki, bu təlim bir mesaj kimi Rusiyaya çatacaq və regionda stabillik pozulmayacaq”.
Sabiq dövlət müşaviri ikinci Qarabağ müharibəsinin başlamaq ehtimalını bu cür izah edib: “Rusiya Ermənistanda daima hərbi təlimlər keçirir. Eyni zamanda Rusiya Azərbaycana hərbi texnika satır. Bir neçə gün öncə Rusiya hakimiyyətinə yaxın olan RBK telekanalında xəbər getdi ki, Rusiya Azərbaycana ən müasir 100 ədəd T-92 tankı satıb. Rusiya bunu puldan başqa, Azərbaycana ona görə satır ki, Azərbaycan ürəkli olsun və Ermənistanı vursun. Yəni bir sözlə, müharibə olsun. Rəsmi Moskvanın bizə silah satması, münasibətinin yumşalması, Azərbaycana dost deməsi o deməkdir ki, yəni ürəkli olun, biz sizi vurmayacağıq. Bir sözlə, Rusiya, sadəcə, müharibə etməkdə maraqlıdır və mən əminəm ki, Azərbaycan rəhbərliyi bunu başa düşür”. 
Siyasi şərhçinin fikrincə, əslində, biz torpaqlarımızı hərbi yolla azad edə bilərik, amma bunun fəsadlarını da bilməliyik: “Bu dəqiqə bütün dünyanın diqqəti Azərbaycana, Ermənistana doğru yönələcək və Azərbaycan güclü olduğuna görə birinci mərhələdə Ermənistana böyük zərbələr dəyəcək. Elə buna görə də bütün dünya bizim əleyhimizə çevriləcək. Rusiya da elə bunu istəyir. Ona görə də Rusiyanın tonunun dəyişməsinə biz aldanmamalıyıq. Bundan başqa, onu da nəzərə almalıyıq ki, Rusiya ilə Ermənistanın hərbi müqavilələri var. Əgər Ermənistan müharibə vəziyyətində olsa, Rusiya Ermənistanın köməyinə gələcək. Eyni zamanda, Kreml bilməlidir ki, Türkiyə Azərbaycanı sata bilməz. Çünki bu, Türkiyənin özünə zərbə ola bilər. Bu məsələdə Azərbaycana diqqətsizlik edən iqtidar Türkiyədə hakimiyyətdə qala bilməz. Ona görə də Türkiyə Azərbaycanın arxasında ciddi dayanıb və dayanmaq məcburiyyətindədir”.
  • Yazılıb
  • da (də) 2014 Sep 16