Tarix : 2014 Aug 23
Kod 43810

Prokuror deputatın qardaşı oğluna ömürlük cəza tələb etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "1001 gecə" restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.


 Arannews - R.Mirələmovun vəkili Kamandar Nəsibov bildirib ki, prokuror təqsirləndirilən şəxsə ömürlük cəza istəyib: "Prokurorun çıxışı heç nə ilə əsaslandırılmadı. Sanki bu ailə ilə şəxsi qərəzlik var. Ona görə də Rəşad Mirələmova belə ağır cəza tələb edildi".

Qeyd edək ki, R.Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhddə ittiham edilir.

Onun əvvəl törətdiyi cinayətə görə cəzasının çəkilməmiş qalan 8 ili də indiki cəzasına əlavə olunaraq ömürlük cəza tələb edilib.

Müdafiə tərəfinin çıxışı sentyabrın 2-də keçiriləcək məhkəmə iclasında olacaq (İnterpress.az).

Qeyd edək ki,Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılmış istintaqla qeyd edilən tarixdə "Makarov" markalı tapança ilə Ramal Bayramovun qəsdən öldürülməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd, Firdosi Bağırov və Zamin Bağırovun isə hədə-qorxu ilə əmlaklarının tələb olunması faktlarına görə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Rəşad Mirələmova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Həmçinin, qeyd edilən istirahət mərkəzində bir qrup şəxs tərəfindən xuliqanlıq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilib, saxlanılması, daşınması və digər faktlar üzrə Firdosi Bağırov, Elnur Qasımov, Elmar Süleymanov, Səməd Mənsimov, Orxan Məlikov və Şahin Novruzovun Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3 (xuliqanlıq), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-2.1-ci (istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılması, istifadəsi) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
  • Yazılıb
  • da (də) 2014 Aug 23