Tarix : 2014 Aug 21
Kod 43806

Hüquq müdafiəçisinin məhkəməsi keçirildi

Vəkil: məhkəmə bizim vəsatəti təmin etmədi, biz bu qərardan apellyasiya şikayəti verəcəyik

Arannews - avqustun 20-də Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb. Məhkəmə qapalı keçirilib.

Qeyd edək ki, prosesin qapalı keçirilməsinin fərqində olan media nümayəndələri məhkəmənin ərazisindən kənar yerdə dayanaraq görüntü götürmək istəyərkən məhkəmə nəzarətçilərinin, eləcə də penitensiar xidmətinin işçilərinin təzyiqinə məruz qalıblar. Sözü gedən şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə ciddi-cəhdlə mane olmağa çalışıblar.

Prosesdən sonra Rəsul Cəfərovun vəkili prosesin gedişi barədə mediaya məlumat verib:

“Təəssüf ki, məhkəmə bizim vəsatətimizi təmin etmədi. Biz Rəsul Cəfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etdik. Qeyd elədik ki, o, hüquq müdafiəçisidir və həbs edilməsi üçün heç bir qanuni əsas yoxdur. Rəsul Cəfərov əvvəllər həbs olunacağını bilə-bilə ölkədə olub, istintaqdan qaçıb gizlənməyib. O, istintaqa bu işin daha obyektiv, daha ədalətli aparılacağını ümid edib və buna çalışıb. Biz məhkəmədən xahiş etdik ki, istintaq aparıldığı dövrdə Rəsul Cəfərov barəsində ev dustaqlığı seçilərkən bu istintaqın normal gedişinə mane olmaya bilər. Rəsul özü çıxışında onun həbsinin hüquq müdafiəçisi kimi fəaliyyət göstərməsindən asılı olduğunu izah etdi və özünə qarşı irəli sürülmüş ittihamları əsassız, eləcə də sifarişli  hesab etdiyini bildirdi. Lakin məhkəmə bizim vəsatəti təmin etmədi, biz bu qərardan apellyasiya şikayəti verəcəyik.”

Xatırladaq ki, bu ilin iyulun 29-da Böyük Kəsik stansiyasında sərhədçilər R. Cəfərovun Gürcüstana getməsinə qadağa qoyublar. Məlum olub ki, iyulun 25-də ona ölkədən çıxmaq qadağası qoyulub. Bir müddət əvvəl prokurorluğun təqdimatı əsasında Rəsul Cəfərovun bank hesablarına həbs qoyulub. Rəsul Cəfərov avqustun 2-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb, ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları irəli sürülüb. Eyni gündə Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisinin barəsində 3 ay azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

  • Yazılıb
  • da (də) 2014 Aug 21