Tarix : 2014 Aug 20
Kod 43801

Leyla Yunus ac saxlanılır

Vəkil Leyla Yunusun saxlandığı şəraitin çox ağır olduğunu bildirilir

Arannews -  Avqustun 19-da vəkillər Əlayif Həsənov və Anar Qasımlı həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevlə görüşüblər.

Bu barədə Əlayif Həsənov məlumat verib. Vəkil Leyla Yunusun saxlandığı şəraitin çox ağır olduğunu bildirir:

“Leyla Yunus 6 nəfərlə birgə 12 kvadrat metrlik, nəfəsliyinin yarıyadək açılmasına icazə verilən otaqda saxlanılır. İsti və soyuq su verilməsində problemlər var. Onun saxlandığı kameraya xüsusi bir münasibət var. Həmin kameranın yanında Qobustan həbsxanasından gətirilmiş ömürlük məhbuslar var”.

Əlayif Həsənov deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, yaxınları Leyla Yunusa saxlanan gündən indiyədək pəhriz yeməkləri və dərman preparatları çatdıra bilmirlər.

“Ağır şəkər xəstəsi olan bir adam dərman və pəhriz yeməkləri ilə təmin olunmur. Leyla xanım deyir ki, o demək olar ki, ac saxlanılır. Yazışmalara imkan verilmir. Həbsxanaya aparılandan bəri üstündə olan 43 manat pulu belə xərcləməyə qoymurlar. O düşünür ki, fəaliyyətinə görə onu və həyat yoldaşı Arif Yunusu fiziki baxımdan məhv etmək istəyirlər. 20 illik vəkillik fəaliyyətimdə birinci dəfə idi ki, mənim istintaqdan görüşlə bağlı aldığım məktubu bir sıra yerlərə zəng edəndən sonra qəbul etdilər. Halbuki həmin məktub xüsusi blankda, möhürlü bir sənəddir və ona görə əlavə harasa zəng eləməyə ehtiyac yoxdur. Bundan başqa Leyla Yunus vəkilləri ilə görüşə çox ciddi şəkildə yoxlanılaraq gətirilir”.


  • Yazılıb
  • da (də) 2014 Aug 20