Tarix : 2014 Jul 31
Kod 43621

Hüquq Müdafiə Təşkilatları : Vətəndaşların narkotiklə şərlənib həbs olunması adi hal alıb

HÜQUQ MÜDAFİƏÇİLƏRİ HƏBSLƏRLƏ BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALDILAR

Arannews - İyulun 30-da bir qrup hüquq müdafiəçisi ölkədə baş verən son siyasi həbslərlə bağlı mətbuat konfransı keçiriblər. Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri son həbslərdən narahatlıqlarını bildiriblər və vəziyyətin acınacaqlı olduğunu vurğulayıblar.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı bildirib ki, son həbslər onlarda narahatçılıq yaradır və bu, ciddi müzakirə olunmalı məsələlərdir:

“Hüquq müdafiəçisi Həsən Hüseynlinin həbsi, Müsavat fəalı Fərəc Kərimlinin və qardaşı Siracın həbsi ciddi hadisədir. İndicə də eşitdik ki, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib. Biz bu kimi məsələləri daim diqqətdə saxlayır və hakimiyyətin problemi həll etməsi üçün çalışırıq. Biz Həsən Hüseynlinin işi ilə bağlı Gəncəyə getdik, araşdırdıq. Məlum oldu ki, onun üzünə duran adam polisin işverənidir. Məsələ ilə bağlı Prezident Administrasiyasında, Baş Prokurorluqda olmuşuq. Problemin ciddiliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb. Bu məsələ onlar tərəfindən nəzarətə götürülüb”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib ki, NİDA-çı gənclərin, Tofiq Yaqublunun, Yadigar Sadıqovun və digərlərinin də işi ilə bağlı danışıqlar aparılır: “Həbs edilən siyasi məhbusların problemini çözməmiş yeniləri həbs edilir, bu, daha pisdir. İndi də Sirac və Fərəc Kərimli qardaşları həbs olunublar, onların hər ikisini narkotiklə ittiham edirlər, ciblərinə narkotik qoyublar. Gənclərin, vətəndaşların narkotiklə şərlənib həbs olunması adi hal alıb. Biz bu iki gənclə bağlı da Daxili İşlər Nazirliyinə də müraciət etmişik”.

Hüquq müdafiəçisi həbs edilən, məhkəmələrə yolu düşən minlərlə vətəndaşın pozulan hüquqlarından da danışıb və məhkəmə sisteminin vəziyyətini tənqid edib: “Məqsədimiz odur ki, məhkəmələrdə dəyişiklik olsun”.

Hüquq müdafiəçilərinin sözlərinə görə, ölkədə qanunlar, məhkəmə sistemi vətəndaşlara deyil, müəyyən qrup insanlara xidmət etməyə yönəlib: “Nə qədər insanları xuliqanlıqla, narkotiklə həbs etmək olar? Bizə hətta vətəndaşlar narkotik satılan gerçək şəxslər və ünvanlar barədə məlumat vermişdilər, biz bu barədə aidiyyəti qurumlara məlumat verdik. Onları həbs etdilər, ancaq bir ay sonra onlar azadlığa çıxdılar. Bu ölkədə məhkəmələr ya sifarişlə, ya da zənglə qərar çıxarırlar”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirib ki, baş verən son siyasi həbslər siyasi məhbus siyahısını artıracaq və bu, hökumət və cəmiyyət üçün yaxşı olmayan nəticələr doğuracaq: “Belə görünür ki, ilin sonuna qədər siyasi məhbus siyahısı bir neçə dəfə artacaq. Bu ilin iyununda Avropa Şurasına apardığımız siyasi məhbus siyahısında 27 nəfərin adı vardı. Biz Rauf Mirqədirovu o siyahıya istintaqı getdiyinə görə salmamışdıq. İndi Həsən Hüseynlinin də adı siyahıya salınacaq. Biz siyasi motivlərlə həbs edilənlər barədə araşdırma aparır, istintaqın nəticəsini gözləyir və sonra onları siyahıya əlavə edirik. İndi Leyla Yunusun həbs xəbəri yayılıb. Bu iş çox ağır işdir. Bizim 27 nəfərlik siyahımız iyunda Avropa Şurası baş katibinə təqdim edilmişdi. Növbəti siyahının daha uzun olacağını təəssüflə qeyd etməliyik. Ağrıdıcı vəziyyətdir. Hüquq-mühafizə orqanları iki maddə bilirlər, xuliqanlıq və narkotik. Əgər kimsə xoşuna gəlmirsə, onu belə cəzalandırmaq olar? Məhkəmə orqanları cəza verəndə də ən yüksək səddi götürürlər. İstintaq və prokurorluq orqanlarında islahatlar aparılmalıdır. Vətəndaşlar məhkəmələrə etibar etmirlər. Biz Monitorinq Qrupu olaraq görüşlər keçirmişik. Müxtəlif instansiyalarla, səlahiyyətli şəxslərlə, deputatlarla görüşüb vəziyyəti müzakirə etmişik”.

Hüquq müdafiəçiləri AXCP fəalı Kəmalə Xəlilova ilə bağlı yayılan videodan da danışıblar və baş verənləri rəzillik adlandırıblar: “Bu, çox çirkin işdir. Bu işi edənlər, çəkənlər, yayanlar hamısı məhkəməyə verilməlidir. Hüquq müdafiəçiləri onu müdafiə edəcəklər. İş araşdırılmalıdır, ekspertiza təyin olunmalıdır. Burada istəmirlərsə, ölkə xaricində, məsələn, Gürcüstanda ekspertiza aparıla bilər. Biz buna köməklik göstərərik. Biz əminik ki, hakimiyyətin bundan xəbəri yoxdur. Kəmalə Xəlilova öz ətrafında axtarsın ki, kim bunu edib”.

  • Yazılıb
  • da (də) 2014 Jul 31