Tarix : 2014 Jul 28
Kod 43605

Rusiya Cənubi Qafqazda avantüraya hazırlaşır

Rusiyanın üzərinə çox getmək lazım deyil, çünki daha aqressiv olacaq

Arannews - “Ruslar Cənubi Qafqazla sərhəddə qoşun toplamağa çalışırlar ki, burada müxtəlif təxribatlar törədə bilsinlər”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın son günlər Azərbaycanla bağlı yürütdüyü siyasəti şərh edərkən deyib:

O, Rusiyanın Qafqazda yeni plan hazırladığını bildirib:

“Rusiyanın vəziyyəti ağırlaşdıqca o, daha da aqressivləşir. Hətta Bjezinskinin özü də demişdi ki, Rusiyanın üzərinə çox getmək lazım deyil, çünki daha aqressiv olacaq. Amma son təyyarə olaylarından sonra Rusiya dünyanın tam nifrətini qazandı. İndi Moskva vəziyyətdən çıxış yolları axtarır. Ukraynaya qoşun yeritməyə çalışırlar və bunun üçün Dumanı toplayıblar ki, qərar çıxarsınlar. Onlar Cənubi Qafqazla sərhəddə qoşun toplamağa çalışırlar ki, burada müxtəlif təxribatlar törədə bilsinlər. Ermənistanda olan 102-ci briqada artıq döyüş təlimlərinə başlayıb. Bütün bunlar onu göstərir ki, Rusiya Ukrayna ətrafındakı diqqəti bu cür yayındırmağa çalışır. Bunun üçün isə yeni bir avantüra həyata keçiriləcək. Moskvanın yeni planını həyata keçirmək üçün ən əlverişli yer Cənubi Qafqazdır. Putin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiyaya qarşı açıq-aşkar təcavüz hazırlanır. Ona görə də Moskva hər şeyi özündən uzaqlaşdırmağa çalışır”.

Politoloq Moskvanın Cənubi Qafqazda Amerikanın həyati maraqlarına zərbə vuracağını deyib:

“O, burada hadisələri qızışdırmaqla Cənubi Qafqazda Amerikanın həyati maraqlarına ciddi zərbələr endirmək istəyir. Bunların içərisində həmçinin Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum üçün ciddi təhlükə törədilməsi və Gürcüstan üçün əlavə problemlərin yaradılması fikirləri də var. Onlar Azərbaycanda etnik kartı işə salıblar, eləcə də, bizimlə sərhədə külli miqdarda qoşun yeridiblər. Rusiya bununla diqqəti Ukrayna hadisələrindən başqa istiqamətə yönəltməyə çalışacaq. Əlbəttə, Moskva Qafqaza zərər verə bilər, amma hamı bilir ki, taktiki planda onlar öndə olsalar da, strateji planda uduzublar. O, nə edir-etsin, tarixin onun üçün hazırladığı xoşagəlməz ssenaridən canını qurtara bilməyəcək. Əgər gərəkli olsa, o, Qarabağda da əməliyyatları qızışdıra bilər. Rusiya Qafqazda etnik kartı sadəcə olaraq sınaqdan çıxarır. O bununla etnik kartın nə dərəcədə effektli olacağını öyrənir”.

  • Yazılıb
  • da (də) 2014 Jul 28