Tarix : 2014 Jul 28
Kod 43604

Ermənilər Həsənin meyitini vermədilər, Dağlıq Qarabağda özləri dəfn etdilər

Dünən ermənistan tərəfi BQXK nümayəndəsinin iştirakı ilə, bütün qaydalara riayət edilməklə Həsəni dəfn ediblər

Arannews - “Bizə dedilər ki, artıq Həsəni Xankəndində dəfn ediblər. Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin  nümayəndələrilə görüşdə biz buna etirazımızı bildirdik. Onlar da öz növbəsində dedilər ki, Həsənin meyitinin geri qaytarılması üçün danışıqlar davam etdirilir”.

Bu sözləri erməni cəlladları tərəfindən işğal altındakı Kəlbəcər rayonunda girov götürülərək öldürülən cəbrayıllı Həsən Həsənovun qardaşı Nail Həsənov deyib.

Xəbərdən sonra atası Fərman kişinin vəziyyətinə gəlincə, Nail Həsənov bunları söyləyib: “Atadır da necə olsun. Övladını itirən ata... Əvvəlki günlərə nisbətən bir az sakitləşib”.

Həsənin ermənilər tərəfindən dəfn edildiyini açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  İlahə Hüseynova da təsdiqləyib:

“Dünən ermənistan tərəfi BQXK nümayəndəsinin iştirakı ilə, bütün qaydalara riayət edilməklə Həsəni dəfn ediblər. BQXK Həsənin meyitinin dəfn olunmasına baxmayaraq, onun geri qaytarılması üçün danışıqları davam etdirir”.

Ermənilər Həsən Həsənovun meyitini verməkdən imtina edərəkən bunu bəhanə olaraq belə əsaslandırıblar ki, “bizim morqun texniki imkanları meyiti saxlamağa imkan vermir”. Soydaşımızın cəsədi iyulun 26-da BQXK nümayəndələrinin iştirakı ilə Dağlıq Qarabağda dəfn edilib.

Bütün bunlar isə Həsənin işgəncə verilərək öldürüldüyünü sübut edir və belə düşünməyə əsas verir ki, onlar meyitin üzərindəki zorakılıq izləri itsin deyə, onu torpağa tapşırıblar.

  • Yazılıb
  • da (də) 2014 Jul 28