Mən daha əvvəllər də Dağlıq Qarabağ problemi ilə bağlı yazdığım bütün məqalələri Azərbaycan tərəfinin məlumatları əsasında deyil, beynəlxalq təşkilatların sənədləri, hamının bildiyi və qəbul etdiyi real faktlar əsasında hazırlamışam
Arannews - İtaliyanın
“l'opinione” xəbər saytında daha öncə ermənipərəst “Qarabağ üçün İtaliya təşəbbüsü”
tədqiqat qrupu tərəfindən hazırlanan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
saxta faktların yer aldığı məqaləyə cavab olaraq həmin saytda italiyalı
jurnalist Romulus Martelloninin “Dağlıq Qarabağ və həqiqi faktlar” sərlövhəli
yazısı yerləşdirilib.
Jurnalist bildirir ki, onun əvvəllər də dərc
edilən yazıları real faktlar və obyektiv məlumatlara əsaslanıb. “Mən daha əvvəllər
də Dağlıq Qarabağ problemi ilə bağlı yazdığım bütün məqalələri Azərbaycan tərəfinin
məlumatları əsasında deyil, beynəlxalq təşkilatların sənədləri, hamının bildiyi
və qəbul etdiyi real faktlar əsasında hazırlamışam. Həmişə bu münaqişənin səbəblərini
obyektiv araşdırmağa çalışmışam”.
Erməni
yönümlü tədqiqat qrupunun nümayəndələrinə cavab olaraq müəllif yazır: “Diqqətinizi
mühüm beynəlxalq təşkilatların müvafiq məsələ ilə bağlı bəyan etdiyi həqiqətlərə
yönəltmək istərdim. Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan ərazisi kimi göstərilir. Münaqişə nəticəsində bir
milyon azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa
Şurasının, Avropa Şurası Parlament Assambleyasının sənədlərini, ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrinin birgə bəyanatlarını mən özüm əldə edərək reallığın
şahidi olmuşam. Xocalı hadisələrinə gəldikdə isə bu barədə də Azərbaycan mənbələrindən
istifadə etməyə ehtiyac yoxdur. Erməni qüvvələri tərəfindən Xocalı soyqırımı
törədildikdən sonra “Human Rights Watch” təşkilatının hesabatında, “The
Herald”, “The New York Times” və digər məşhur qəzetlərdə bu faciə ilə bağlı ətraflı
məlumatlar yer alıb. Nüfuzlu “Reuters” agentliyinin fotomüxbiri tərəfindən
Xocalı soyqırımına dair çəkilən şəkillər, digər mətbu orqanların məqalələri və
lentə alınan videolar, saysız hesabsız məqalələr bu soyqırımı haqqında ətraflı
məlumat almağa kifayət edir. Xocalı faciəsinin ABŞ-ın bir neçə ştatı, Kanada,
Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çex
Respublikası və İordaniya parlamentləri tərəfindən artıq soyqırımı kimi
tanınmasına dair sənədlər qəbul edilib”.
R.Martelloni
bildirir ki, Azərbaycan ilə bağlı tənqidi məqamlar səslənən zaman bu ölkədə
müstəqil medianın fəaliyyət göstərdiyini, internetdən istifadənin tam azad
olduğunu, KİV-lərin sayının getdikcə artdığını unutmaq lazım deyil. “Nə üçün
1999-cu ildə Ermənistan parlamentinin sessiyası zamanı bu ölkənin baş naziri və
bir sıra siyasətçilərin öldürülməsi faktı qeyd edilmir?! 2008-ci ildə isə Ermənistanda
parlament seçkilərinə etiraz olaraq nümayişə çıxan 10 nəfər öldürülüb. Bütün bu
hadisələr məhz Ermənistanda baş verib, Azərbaycanda deyil”, - deyə o
vurğulayır.
Müəllif qeyd edir ki, ermənilər artıq öz müqəddəratını
təyin edib və beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Erməni
xalqının öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə artıq 1991-ci ildə
Ermənistan dövləti yaratmaqla siz öz müqəddəratınızı təyin etmisiniz. Beynəlxalq
birlik Dağlıq Qarabağı və ətraf yeddi rayonu Azərbaycan ərazisi kimi tanıyır.
Beynəlxalq hüququn bu prinsipinə hörmətlə yanaşmaq peşəkar jurnalist kimi mənim
borcumdur”.