Tarix : 2014 Jul 27
Kod 43592

"Qarabağ və Qüdslə həmrəylik” mövzusunda konfrans-sərgi keçirilib

Hamımızın ürəyi günümüzdə Qəzzada, Qarabağda və İraqda yaşanan facilələrdən sızıldayır

Arannews - İçərişəhər "Cümə" məscidinin dini icması və DEVAMM "Qarabağ və Qüdslə həmrəylik” mövzusunda konfrans-sərgi keçirdi

Hamımızın ürəyi günümüzdə Qəzzada, İraqda yaşanan facilələrdən sızıldayır. Mübarək Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu tarix – işğal edilmiş torpaqlarla həmrəyliyi simvolizə edir.

Qarabağ ağrısı, Şuşa və Xocalı yanğısı yaşayan xalqımız üçüm bu tarix xüsusi səciyyə daşıyır.

Hər il olduğu kimi, İçərişəhər “Cümə” məscidinin dini icması və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə mərkəzi) bu tarixlə əlaqədar maarifləndirici tədbirlər keçirir.

Sözügedən tarixlə əlaqədar bu gün “Qarabağ və Qüdslə həmrəylik” mövzusunda konfrans-sərgi təşkil edilib.

Yüzlərlə insanın qatıldığı tədbir hüznlü dəqiqələrlə başlayıb. İnsanlar həzin mərsiyə və musiqilər altında dünyada müsəlmanlara qarşı törədilmiş cinayətləri əks etdirən sərgini izləyib.

Tədbirdə xüsusi diqqət çəkən məqamlardan biri də ana və övladlarının yaratdığı mənzərə olub. Fələstin şərfləri taxan və Azərbaycan bayraqları tutan uşaqlar və analar Qarabağ və Qüds ana və övladları ilə həmrəyliklərini ifadə ediblər.

Sonra tədbir iştirakçıları konfrans zalına daxil olaraq “Qarabağ və Qüdslə həmrəylik” mövzusunda hazırlanmış video çarxları izləyib.

Tədbirin konfrans hissəsində çıxış edən İçərişəhər “Cümə” məscidinin dini icmasının imam camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu tədbirə qatılan hər kəsə təşəkkür edərək, Beynəlxalq Qüds Gününün əhəmiyyətindən danışıb: "Qüds günü hər bir müsəlmanın ictimai-siyasi əhyasıdır. Bu gün müsəlman Ümməti olaraq oyanış günümüzdür. Qüds günü ictimai-siyasi həyatımızda təqvalı davranışı öyrədən gündür. Bu günləri də hər birimiz öz həyatımızda yaşada bilsək, , o halda ictimai-siyasi həyatımızda da təqvalılıq olacaq.

İldən-ilə Qüds gününün yaşadılmasında cəmiyyətimizdə inkişaf getməkdədir. Xüsusilə, Qüds gününün dərki artıb. Yayın istisində əgər analar öz övladlarını götürüb bu günə böyük şövqlə qatılırsa, bu, dərkin artmasından xəbər verir.

Qüds günü bir coğrafi anlam deyil. Qüds günü harada əzilən varsa, onun yanında olmaqdıq. Qüds günü Ağdam, Qarabağ günüdür. Qüds günü İraqda İŞİD cinayətlərinə etiraz günüdür. Qüds günü Qəzzada sionistlərin qanlı cinayətlərinə etiraz günüdür. Bu gün gerçək mənada oyanışımız olacaqsa, hər həftəmizdə bunun təsiri olacaq.

Qüds günü – Tövhidpərəstlərin, müasir bütləri dağıdanların günüdür. Dövrümüzdə yeni bütlər, yeni sterotiplər var. Qüds günü bu bütləri sındırma günüdür. Qüds günü dünyanın ən ciddi bütlərindən olan sionizm bütünün dağılması günüdür.

Bu gün ya əzilənin yanında olmaq, ya da heç olmasa heç danışmamaq lazımdır.

Körpələrin əlində bayraqlar və başlarında olan Fələstin şərfləri dünyaya bir mesajdır. Bu bir mesajdır ki, biz bu müsibətləri özümüz yaşamışıq və fələstinliləri açıq-aydın başa düşürük.

Düşündük ki, həm də bir sərgi olsun. Bura həm də Qarabağ və Qüds səsinin dünyaya çatdırılması məkanıdır.

Bu gün bütün dünya məzlumları ilə həmrəyliyimizi bəyan edirik".

Sonda Hacı İlqar dünya müsəlmanları üçün, Qarabağ, Qüds, bütün dünyada tapdaq altında olan müsəlman torpaqları üçün dualar edib.

  • Yazılıb
  • da (də) 2014 Jul 27