Arannews - “Məhz bundan sonra hansısa qüvvələr NATO yox,
ABŞ-ın hərbi bazası statusunda – həm də məhdud sayda - Azərbaycanda yerləşdirilə
bilər”.
politoloq Ərəstun Oruclu Qərblə Bakının hərbi müttəfiq
olması ilə bağlı məsələni şərh edərkən deyib.
O, ABŞ-la Azərbaycan arasında onsuz da münasibətlərin yerində
olduğunu söyləyib:
“Konqresdə qəbul olunmuş yeni qanunla bağlı ABŞ prezidentinə
tövsiyə olunur ki, Azərbaycan və bir sıra digər ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi
istiqamətində səylər gücləndirilsin. Bu, daha çox tövsiyə xarakteri daşıyır. Həm
də bu, Azərbaycanın ABŞ-ın hərbi müttəfiqi olması demək deyil. Müttəfiqlər
yalnız Şərq Tərəfdaşlığı müqaviləsini imzalayan Gürcüstan, Moldova və
Ukraynadır. Azərbaycanla ABŞ arasında onsuz da müəyyən əməkdaşlıq var və bunun
səviyyəsi heç də aşağı deyil. Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr
proqramı var. Burada müəyyən işlər görülür. Bunların nədən ibarət olduğunu söyləmək
bir qədər çətindir. Belə şeylər daha çox gizli saxlanılır”.
Politoloq Rusiya təhlükəsindən qorunmasından ötrü ABŞ
bazalarının Azərbaycanda yerləşdirilməsinin gerçək olmadığını bildirib:
“Azərbaycan və ya Cənubi Qafqazda ABŞ bazalarının yerləşdirilməsi
hələ asan məsələ deyil. Ona görə asan deyil ki, bunun hüquqi bazası olmalıdır.
NATO və ABŞ hərbi bazalarının ümumiyyətlə Azərbaycanda yerləşdirilməsi yaxın
zamanlarda planda olmayan, düşünülməsi planlaşdırılmayan bir məsələdir. Qeyd elədiyim
qanun Azərbaycana da şamil olunmalıdır ki, Bakı ABŞ-ın hərbi müttəfiqi olsun. Məhz
bundan sonra hansısa qüvvələr NATO yox, ABŞ-ın hərbi bazası statusunda - həm də
məhdud sayda - Azərbaycanda yerləşdirilə bilər. Bunun üçün isə Azərbaycan öz
xarici siyasət və təhlükəsizlik prioritetlərini müəyyən etməlidir. Rəsmi olaraq
Gürcüstan, Ukrayna və Moldova bunu elədi. Bakı isə hələlik belə bir addımı
atmaqda həvəsli görünmür. Nə qədər ki, Azərbaycan tərəfi belə bir addım
atmayıb, bunun reallaşması uzun illərin problemi olacaq. Yaxın zamanlarda ABŞ hərbi
bazalarının Azərbaycanda reallaşması qeyri-realdır”.