əgər Qarabağ problemi beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər
Arannews - “Ermənistan nə beynəlxalq hüquqa, nə də həmsədr
ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur”
Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
H. Salberi Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən Azərbaycan prezident onun bu səfərinin regiondakı vəziyyətlə
yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan
dövlət başçısı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına
tərəfdardır, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq
hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur.
Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan prezident İlham
Əliyev qeyd edib ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll
olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.
Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini
vurğulayan H. Salber mövcud vəziyyətlə tanış olduğunu deyib. O, təmsil etdiyi
qurumun Azərbaycanla əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə
öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.