Tarix : 2014 Jul 22
Kod 43519

Əbdül Əbilovun apellyasiya məhkəməsi keçirildi

məhkəmə zamanı bir sıra insident yaşanıb

Arannews - Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisinin apellyasiya məhkəməsi keçirilib

iyulun 21-də Bakı apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “Nida” VH-nın üzvü, vicdan məhbusu, "facebook" fəalı, "Yaltaqlara dur deyək" səhifəsinin admini Əbdül Əbilovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014 tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, məhkəmə zamanı bir sıra insident yaşanıb. Belə ki, prosesi keçiriləcək məhbusların gözləmə otağında onların arasında münaqişə yaranıb. Penitensiar xidmətin əməkdaşları vəziyəti belə görəndə otağa qaz bibəri sıxıblar. Bu zaman içəridə olan Əbdül Əbülov da zəhərlənib. Onun gözlərində, üzündə və qolunda qaz sıxılmasından yanıqlar əmələ gəlib. Əbdül prosesi keçirilən zala gətiriləndən sonra vəkil Bağırov vəsatət verərək, bu məsələnin araşdırılmasının məhkəmə səviyyəsində həll olunmasını xahiş edib. Lakin məhkəmə penitensiar xidmətin özünün tədbiri görəcəyini deyib. Daha sonra vəkil məhkəmənin qismən istintaq keçirilməsi ilə bağlı davam etməsini məhkəməyə bildirib. Lakin hakim prosesin istintaqsız məhkəmə baxışı keçirilməsi ilə bağlı qərar verib və növbəti prosesin 4 avqust saat 12:00-da davam edəcəyini elan edib.

Xatırladaq ki, Əbdül Əbilov 2013-cü ilin noyabr ayının 22-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. “Facebook” fəalının narkotik alverində ittiham olunduğu bildirilir. Ə.Əbilov noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi 27 may 2014 tarixində Əbilovun 5 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. O, “facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

  • Yazılıb
  • da (də) 2014 Jul 22