Tarix : 2014 Apr 23
Kod 42629

Rusiya Ukraynadakı taktikanı Azərbaycanda tətbiq edə bilər

Rusiya strategiyasının Ukrayna variantının Gürcüstana, Moldovaya, Ermənistana, Azərbaycana,Baltik ölkələrinə qarşı da tətbiqi tamamilə mümkündür

Arannews - ABŞ dövlət katibi Con Kerri Rusiyanın Krımı ilhaq etməsini “XIX əsrə xas manera” adlandırsa da Qərb hərbi ekspertləri Rusiyanın Ukraynada XXI əsrin taktikasından istifadə etdiyini deyir.

“The New York Times” qəzeti Rusiyanın Krımda istifadə etdiyi, hazırda Ukraynanın şərqində yenidən işə saldığı taktikanı hərbi baxımdan analiz edib.

Qəzetin rəyini soruşduğu istisnasız olaraq bütün nüfuzlu hərbi ekspertlər deyiblər ki, Qərb Krımda Kremlin tamamilə fərqli strategiyasını və silahlı qüvvələrini gördü. Məlum oldu ki, Kreml XXI əsrin müharibə taktikasını işə salaraq kiberməkanda aparılan müharibəni yüksək hazırlıq keçmiş xüsusi təyinatlılarla uzlaşdırıb.

NATO qüvvələrinin keçmiş komandanı, istefada olan admiral Ceyms Stavridis deyib: “Biz Krımda Rusiyanın piyada qoşun hissələrinin fəaliyyətində ciddi dəyişikliklərin baş verdiyini gördük. Onlar öz oyununu böyük incəliklə oynadılar”.

Ekspertlər hesab edirlər ki, yeni yanaşma və Rusiya ordusuna yeni münasibət təkcə Ukraynada deyil, Moldova, Gürcüstan, Orta Asiya respublikaları, hətta NATO üzvü olan Şərqi Avropa ölkələri üçün də müəyyən nəticələrə səbəb ola bilər.

Hərbi ekspertlər Rusiya ordusunun Çeçenistandakı və Krımdakı əməliyyatlarını müqayisə edirlər. Onlar hesab edirlər ki, bu iki hərbi kampaniya arasında böyük fərq var. Çeçenistanda rus qoşunları artilleriyadan, hava zərbələrindən və “yer-yer” raketlərindən istifadə etməklə Qroznını ələ keçiriblər.

Ancaq 2000-ci ilin əvvəllərindən başlayaraq Rusiya öz qüvvələrinin “yaxın xaricdə” tətbiqi üçün daha effektiv yollar işləyib hazırladı. Bu zaman xüsusi təyinatlı qüvvələrə, aviasiyaya və dəniz piyadalarına üstünlük verildi.

Hərbi ekspert Rocer Makdermotun sözlərinə görə, məhz bu yeniliklər Krımda tətbiq olundu. Bununla belə ekspert hesab edir ki, Krımdakı heyrətamiz uğur Rusiya ordusunun hələ bütövlükdə bu cür peşəkar olduğunu deməyə əsas vermir. Çünki ordu əsasən çağırışçılardan formalaşıb.

“Krımdakı əməliyyat Rusiya ordusunun indiki vəziyyəti barədə çox az məlumat açır. İndi onların real qüvvəsi yaxşı kəşfiyyatla kombinə edilmiş gizli aksiyalardadır” - deyə R.Makdermot bildirib.

ABŞ Ordu Kollecinin professoru Stefan Blank isə deyir ki, Moskva Ukraynaya qarşı “yumşaq və sərt güc” kombinasiyasından istifadə etdi. Belə ki, Krıma müdaxilə üçün Rusiya Ukraynanın şərq sərhədləri boyu böyük miqdarda hərbi qüvvə cəmləşdirdi: “Hansısa səviyyədə bu, aldadıcı manevr idi. Bunun ardınca xüsusi təyinatlı dəstələr tanınma nişanı olmadan sürətlə Krıma daxil oldu və strateji obyektləri tutdu. Bundan başqa, onlar telefon kabellərin kəsdilər, kommunikasiyaları yararsız hala saldılar və Ukrayna ilə onun Krımdakı hərbi hissələrini ayırmaq üçün kiberhərbi vasitələrdən istifadə etdilər”.

 

NATO Silahlı Qüvvələrinin komandanı, general Filip Bridlav da qeyd edir ki, ruslar Krımdakı Ukrayna hərbi hissələrini təcrid etdilər, onları komanda-nəzarət məntəqələrindən ayırdılar.

Qərb ekspertləri Moskvanın Krımda media kampaniyasını da uğurla apardığını etiraf edirlər. İdeya bundan ibarət idi ki, Rusiya Krıma rusdilli əhalini ekstremistlərdən və xaosdan xilas etmək üçün müdaxilə edir.

Ekspertlər deyirlər ki, Rusiya Krım kampaniyasını başa çatdırandan sonra Ukraynanın şərq və cənub rayonlarına xəncər zərbələri vurmağa başladı. Rusiya kiçik, ancaq yaxşı silahlanmış və hazırlıq keçmiş komandaları bu regionlara yeritdi. Onlar inzibati binaları tutmağa, daha sonra bu binaları “yerli özünümüdafiə qüvvələrinə” təhvil verməyə başladılar. Yerli rus əhalisinin dəstəyi hesabına Rusiya bu regionları tutmaq üçün böyük sayda yaxşı təlim keçmiş döyüşçülərsiz də keçinə bildi.

Hərbi müşahidəçilərin qənaətinə görə, Kreml hələ də Ukraynanın şərqinə irimiqyaslı hücum vəzifəsini saxlayır. Digər tərəfdən, Ukrayna sərhədlərində cəmləşdirilmiş böyük sayda hava və quru qüvvələri Ukrayna ordusunun ölkənin şərqində əks-zərbələr endirməsinə və orada Kiyevin hakimiyyətini bərpa etməsinə imkan vermir. Həmçinin Ukrayna sərhədlərində cəmləşdirimiş qüvvələr ABŞ-ın da Kiyevə hərbi yardım göstərmək üçün əl-qolunu bağlayır.

Hərbi ekspertlər deyirlər ki, Kremlin Ukraynada istifadə etdiyi strategiya etnik rus azlığın mövcud olduğu digər regionlarda da uğur qazana bilər. Söhbət Rusiya ilə qonşu ölkələrdən gedir. Belə olan halda Rusiya öz qoşunlarını sürətlə cəmləşdirə və təchiz edə, həmçinin xüsusi təyinatlıları işə salardı.

NATO-nun keçmiş baş müşaviri Kris Donelli hesab edir ki, Rusiya strategiyasının Ukrayna variantının Gürcüstana, Moldovaya, Ermənistana, Azərbaycana, Baltik ölkələrinə qarşı da tətbiqi tamamilə mümkündür.

K.Donellinin fikrincə, Rusiyanın srategiyası o zaman işləyərdi ki, əgər onun hədəfində olan obyektdə “Rusiyaya simpatiyası olan böyük sayda sakin” olsun.

Lakin ekspert deyir ki, Rusiya silahlı qüvvələrindəki proqressi təkcə onun yaxın xaricdə tətbiqi baxımından nəzərdən keçirmək düzgün deyil. Onun sözlərinə görə, NATO Rusiya xüsusi təyinatlarının və adi qoşunlarının kiberhücumlarını diqqətlə öyrənməli, bundan sonra öz planlarına yenidən baxmalıdır.



  • Yazılıb
  • da (də) 2014 Apr 23