Tarix : 2014 Apr 19
Kod 42568

Azərbaycanda xanım Zəhranın fəzilətləri barədə konfrans keçirilib

Xanım Zəhra ismət və paklıq nümunəsidir

Arannews - Aprel ayının 18-də İçərişəhər "Cümə" məscidi dini icması, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) təşkilatçılığı, Deyerler.org-un informasiya dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş konfrans keçirilib .

Konfransnda maarifçi xanımlar Həzrət Zəhra (s)-ya xas olan əxlaqdan söz açıblar :

Mmaarifçi Minarə xanım Qurani Kərimdə Xanım Zəhra barədə Allahın buyurduqları mövzusunda çıxış edib. O bir neçə Qurani Kərim ayəsi baxımından Xanım Zəhranı tərənnüm edib. O qeyd edib ki, Qurani Kərimdə tam bir surə - Kövsər surəsi Xanım Fatimeyi Zəhraya (s.ə) həsr olunub .

Minarə xanım onu da bildirib ki, Əl-Əzhab surəsinin 33-cü ayəsi də Xanım Zəhranın böyük məqamına işarə edir .

Növbəti çıxışçı – maarifçi Bikəxanım Əzimova Xanım Zəhranı  (s.ə) dünya xanımları üçün bir örnək olaraq tərənnüm edib: “Xanım Zəhra ilə bircə dəfə də olsun qarşılaşmış kəs ondan nəsə bir şey öyrənmişdir .

Maarifçi Cəmilə Məmmədli Xanım Zəhranın (s.ə) adları və künyələri barədə danışıb: "İnsan şəxsiyyəti ilə onun adı arasında əlaqə vardır. İslam insanlara gözəl adın seçilməsini valideynin üzərinə qoyur. Valideyn də övladına gözəl ad qoymalıdır. Xanım Zəhranın (s.ə) adlarından hər biri gözəl və bəyəniləndir .

Maarifçi Gülər Allahverdiyeva çıxışı zamanı Xanım Zəhranın ictimai rolundan danışıb: "Xanım Zəhra dövründə baş verən haqsızlıqlara qarşı heç bir zaman susmayıb. Onun söylədiyi xütbələr ictima həyatdakı mövqeyinin göstəricisidir. Buna misal olaraq Xanımın (s.ə) Fədək xütbəsini göstərmək olar ".

Maarifçi Mətanət Hüseynova isə Xanım Zəhranın (s.ə) ailədəki rolundan danışıb: "Əgər xanım həyat yoldaşından üstündürsə ona bunu birüzə verməməlidir. Əksinə hər zaman öz həyat yoldaşını önə çəkməlidir. Xanım Zəhra hər zaman öz həyat yoldaşının yanında olub, ona bütün işlərində dəstək olmuşdur ".

Maarifçi Lalə Hacıyeva bildirib ki, Xanım Zəhra (s.ə) kamil insan nümunəsidir: "Xanım Zəhra ismət və paklıq nümunəsidir. Allahın müsəlman qadını necə görmək istədiyini bilmək istəyiriksə Xanımın həyatına baxmalıyıq. Sağlam gələcək yetişdirmək istəyiriksə Xanım Zəhranın etdiklərinə və dediklərinə əməl etməliyik ".

Maarifçi Xəyalə Quliyeva Xanım Zəhranın (s.ə) şərafəti mövzusunda çıxış edib: "Xanım Zeynəb, İmam Həsən və Hüseyn anası olmaq üçün Xanım Zəhra olmalısan. Dünyanı ədalətlə dolduracaq bir şəxsin anası olmaq üçün Xanım Zəhra olmalısan. Xanım Zəhranı tanımaq ən böyük nemətdir ".

Maarifçi Nuranə Zeynalova Xanımın (s.ə) həyatımızdakı rolundan danışıb: "Xanım Zəhra bizim üçün kimdir? sualını özümüzə verməliyik. Əgər dərinə getsək görərik ki, Xanım Zəhra bizim həyatımızın başlanğıcıdır ".

Son çıxış edən maarifçi Gülzar xanım Xanım Zəhranın (s.ə) elmi zirvələrə çatmasından söz açıb: "Xanım Zəhra ağılı, elmi ilə həqiqətləri insanlara çatdırırdı. Xanım Zəhra son nəfəsinə kimi bu missiyasını davam etdirib. Xanımın elminə heyran olmamaq mümkün deyil. Peyğəmbər buyurub ki, Xanım Zəhra dünya xanımlarının xanımıdır ". 

Sonda çıxış edən İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu belə maraqlı və nurani tədbirə görə çıxışçılara minnətdarlığını bildirib: "Bu gün bunu da fəxrlə demək olar ki, yaşadığımız toplum çox nadir toplumlardandır ki, insanları öz övladlarına əksər halda Əhli-beytin (ə) adlarını qoyur. İnsan adətən öz övladına əziz bildiyi şəxslərin adını qoyar. Deməli, bu toplum Əhli-beyti (ə) özünə ən əziz bilir ”.


  • Yazılıb
  • da (də) 2014 Apr 19