Tarix : 2014 Apr 10
Kod 42466

İranın Ali lideri:Xalqa, onun dini inancına daha yaxın olmaq hər bir dövlətin uğurunun qarantıdır

Ayətullah Xamenei : İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi bəzi dövlətlərin xoşuna gəlmir və onlar daim bu istiqamətdə pozucu fəaliyyət göstərirlər

Arannews - İranın Ali lideri Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə baş tutan görüşündə iki qonşu ölkə olan İran və Azərbaycan arasındakı tarixi, mədəni və dini bağların ikitərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv amil olduğunu bildirərək deyib: “Biz siyasi iradəmizi ortaya qoyub əldə edilmiş razılaşmalara ciddi surətdə əməl etməklə təxribatçı planlara qalib gəlməli, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələri günü-gündən daha da möhkəmləndirməliyik ”.

iranin Ali lider deyib: “Dini ekstremizmi yaymağa çalışan bəzi cərəyanların İslam məzhəbləri arasına ixtilaf salaraq milli birliyi pozmasına imkan vermək olmaz ”.

Ayətullah Xamenei İran və Azərbaycan prezidentləri arasında baş tutmuş danışıqları və əldə edilmiş razılaşmaları, eləcə də müştərək iqtisadi komissiyanın təşkilini müsbət qiymətləndirərək sözlərini belə davam edib: “Tərəflərin imkan və potensialını nəzərə alaraq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın hazırda aşağı səviyyədə olduğunu demək olar. Ümidvaram ki, bu dəfəki səfər iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi üçün bir başlanğıc olacaq ”.

İki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün siyasi iradə və ciddi niyyət tələb olunduğunu bildirən Ayətullah Xamenei sonra deyib: “Əlbəttə ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi bəzi dövlətlərin, o cümlədən İsrail rejiminin xoşuna gəlmir və onlar daim bu istiqamətdə pozucu fəaliyyət göstərirlər. Buna baxmayaraq, siyasi iradə və ciddi əzm sayəsində bu təxribatçı planlara qalib gəlmək mümkündür ”.

İran prezidenti cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İrana səfərindən məmnunluq ifadə edərək ikitərəfli danışıqlar üçün olduqca konstruktiv atmosferin mövcud olduğunu bildirərək deyib: “İran və Azərbaycan arasında yaradılmış müştərək iqtisadi komissiya elə bu gündən öz işinə start verir. Cari səfər bütün sferalarda, o cümlədən sənaye, ticarət, nəqliyyat və turizm sektorunda əməkdaşlığın artırılması üçün əsas rolunu oynayacaq ”.

Dini ekstremizmin hər iki ölkəni narahat edən bir mövzu olduğunu qeyd edən cənab İlham Əliyev İran və Azərbaycan xalqları arasında tarixi-mədəni bağların mövcudluğunu təsdiqləyərək sözlərini belə davam edib:  “İranla əməkdaşlığın genişləndirilməsi məsələsində Azərbaycan Respublikasının siyasi iradəsi ciddi və qətidir ”.

Azərbaycan prezidenti həmçinin İran İslam Respublikasının Ali Məqamlı Rəhbərin istiqamətləndirməsi sayəsində dünya və regionda yürütdüyü müstəqil siyasətin digər dövlətlərə nümunə olduğunu deyib: “Biz İranın qüdrətini öz qüdrətimiz hesab edirik və iki ölkə arasındakı möhkəm bağlar kimlərinsə münasibətlərimizə mənfi təsir göstərməsinə imkan verməyəcək”.

  • Yazılıb
  • da (də) 2014 Apr 10